- Müsahibə
- 12:59 03.02.2025
“Fakt odur ki, son iki matçda, ümumi götürəndə isə Millətlər Liqasında 4 oyunda xal üzünə həsrət qalmışıq”.
Bu sözləri 90deqiqe.Az-a açıqlamasında jurnalist Emin Abbasov bildirib.
Emin bəy yığmamızda çalışan əcnəbi baş məşqçilərin səriştəsizliyi, faktları, reallıqları komuflyaj edib, gələcəkdən dəm vurmalarını qınayıb:
“Millətlər Liqasına çox bərbad start verdik və bunun ardı da gəlməkdədir. Yığmamızın baş məşqçisi Fernandu Santuş çatışmazlıqlardan yox, ayrı-ayrı detallardan danışır. Məsələn, Estoniya ilə oyundan sonra deyir ki, ilk hissədə qol imkanlarımızı boşa verdik, halbuki fasiləyə kimi matçın taleyini həll edə bilərik. Slovakiya ilə qarşılaşmada vurğuladı ki, ilk yarıda yaxşı oynadıq, fasilədən sonra Mahir Emrelinin qırmızı vərəqə alması işimizi korladı. Çox təəssüf ki, Berti Foqtsdan bu yana millimizin sükanı arxasına keçən bütün əcnəbi məşqçilər reallıqlardan, faktlardan yox, gələcəkdən danışırlar. Almaniyalı mütəxəssis vaxt udmaq və rahat pulunu qazanmaq üçün şirin vədlər verərək deyirdi ki, Azərbaycan yığması 2016-cı ildə Avropa Çempionatının final mərhələsində oynaya bilər. Bu gün isə Santuş bəyan edir ki, siz bir ildən sonra bizim əsil gücümüzü və səviyyəmizi görəcəksiz. Bizə gələn bütün əcnəbi “mütəxəssis”lər eyni sözü deyir: “düzgün yoldayıq”. Amma yekunda görürsən ki, heç bir düzgün yol yoxdur. Əlahəzrət faktları yoxdan gəlib hansısa təfərrüatlara uya bilmərik. Yığmamızdakı əcnəbi baş məşqçilərin bu cür yanaşmalarından bezmişik. De Byazini yola salandan sonra bir müddət Arif Əsədov millidə baş məşqçi vəzifəsini əvəz etdi və komandanı bir neçə yoldaşlıq oyununa da çıxardı. Onun rəhbərliyi altında milli pis çıxış etmirdi. Sözüm odur ki, hazırda Santuşun oynatdığı futbolu sərgiləyib ardıcıl 4 oyunda məğlub olub, turnir cədvəlinin dibində yer alacaqdıqsa, elə Arif Əsədovu və başqa yerli məşqçilərə şans verilərdi. Portuqaliyalının bu gün işini elə ən pis halda öz məşqçilərimizlədə edə bilərik. Da bunun üçün külli miqdarda pullar xərcləyib əcnəbiləri gətirməyin anlamı nədir? Azərbaycanın əsas komandasının sükanı arxasına hər dəfə əcnəbi baş məşqçi gətirilir, amma nəticələr dəyişməz qalır”.
ABDULLA İSMAYILOĞLU