18 oktyabr 2024. Cümə

Elnur Abdullayev: “Kubok oyunları bizim üçün əlavə təcrübədir”


Elnur Abdullayev: “Kubok oyunları bizim üçün əlavə təcrübədir”

“2-ci Liqada hazırda yaxşı irəliləyirik, ilk pillədəyik. Amma arxayınlığa yol verməyib, tutduğumuz mövqedə daha da möhkəmlənməliyik. Çempionat matçları ilə yanaşı Ölkə Kubokuna da uğurla başlamağı hədəfləyirdik və istəyimizə nail olduq”.

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında “Şahdağ Qusar”ın baş məşqçisi Elnur Abdullayev deyib.

Gənc mütəxəssis Kubokun II mərhələsində elita təmsilçisi “Araz-Naxçıvan”la oyuna xüsusi hazırlaşdıqları və sürpriz etmək istədiklərini də vurğuladı:

“Kubokun ilk turunda yaxşı çıxış edib inamlı qələbə qazandıq. Növbəti mərhələdə Premyer Liqa təmsilçi “Araz-Naxçıvan”la qarşılaşacağıq. Muxtar Respublika təmsilçisi hazırda elitada yaxşı formada olan və rəqiblərinə başağrısı olan komandadır. Belə güclü rəqibə qarşı oynamaq xüsusi motivasiya və təcrübədir. Təbii ki, naxçıvanlılar cütün favoritləridir. Amma biz maksimum döyüşmək və sürpriz etməyə fokuslanmışıq”.

Xatırladaq ki, "Şahdağ Qusar" Ölkə Kubokunun ilk mərhələsində "Kür Araz"ı 3:1 hesabıyla məğlub etməyi bacarıb. 

ABDULLA İSMAYILOĞLU







Müsahibə