18 oktyabr 2024. Cümə

Amit Quluzadə: "Qara zolaqdan çıxmağa borcluyuq"


Amit Quluzadə: "Qara zolaqdan çıxmağa borcluyuq"

Dünən I Liqanın 5-ci turu çərçivəsində “Qaradağ Lökbatan” doğma meydanda “Məngəçevir”i qəbul etdi. Qarşılaşma qolsuz bərabərliklə başa çatdı və bununla “qırmızı-mavilər” mövsümdə ilk xalını qazandılar. Lökbatan təmsilçisində baş məşqçi kimi debüt edən Amit Quluzadə həm oyun, həm də gələcək planlarla bağlı 90deqiqe.Az-a danışdı.

- Rəhbərliyiniz altında “Qaradağ Lökbatan” ilk matçını keçirdi. Qarşılaşmayla bağlı fikirləriniz maraqlıdı...

- Bu gün qol olmasa da, gərin oyun keçirdik. Hər iki tərəfin fərqlənmək üçün şansları vardı. “Mingəçevir” yaxşı komandadı, onları analiz etmişdik, təəssüf ki, rəqibin qapısına yol tapa bilmədik. Qələbə qazana bilmədik, amma əldə etdiyimiz bir xal qarşıdakı turlarda nikbin olmağımız üçün stimul verəcək. Görüləcək işlərimiz çoxdur.

- Komandanı turnir cədvəlinin zirzəmisindən çıxarmaq çətin olmayacaq?

- 10 gündür komandadayam. Nə hazırlıq prossesində olmuş, nə də yetəri qədər oyunçuların potensialından agah ola bilmişəm. Buna rəğmən futbolçularda bu gün istək, döyüşkənlik gördüm. Təbii ki, vəziyyətimiz ağırdı, amma bura gəlmişəmsə məsuliyyətimi anlayıram. Odur ki, bir yumruq kimi birləşib komandanı “qara zolaq”dan çıxarmağa səfərbər olacağıq. Zatən başqa yolumuz yoxdur.

- Araz Abdullayevin komandaya cəlb olunması sizinmi təşəbbüsünüz idi?

- Arazla birgə böyümüş və futbola da eyni vaxtda başlamışıq.Onu potensialına yaxşı bələdəm. Arazın Avropadan təklifləri olsa da, sağolsun mənim və klubun fəxri prezidenti Sadıx müəllimin xahişini geri çevirməyib sıralarımıza qoşuldu.

- Onun debütünü necə qiymətləndirərdiz?

- Araz bir neçə aydı oynamır, buna baxmayaraq “Mingəçevir”lə matçda meydanda ən yaxşılardan idi. O, 90 dəqiqə ərzində çox hərəkətli, həvəsliydi və qol imkanları da oldu. Debütü uğurlu alındı. Kollektivimizdə onun kimi təcrübəli futbolçunun olmasına görə çox sevincliyik. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı Araz Abdullayev görəcəksiz. Yığmamızın sabiq üzvü daha səviyyəli liqalarda və komandalara oynamağa layiqdir. Zəngin karyeraya malik belə bir futbolçunun Premyer Liqadan kənarda qalması mənim üçün təəssüf edici haldır.

 

ABDULLA İSMAYILOĞLU







Müsahibə