13 dekabr 2024. Cümə

Araz Abdullayev:“Mən futbolu çox sevirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


Araz Abdullayev:“Mən futbolu çox sevirəm”  - EKSKLÜZİV MÜSAHİBƏ

İki gün öncə Araz Abdullayev “Qaradağ Lökbatan”a transfer olundu. Dünən isə yığmamızın sabiq üzvü I Liqa təmsilçisində debüt edərək, “Mingəçevir”ə qarşı oyunda 90 dəqiqə meydanda oldu. Təcrübəli futbolçu Lökbatan təmsilçisinə keçidi, başqa təklifləri və qarşıdakı hədəfləriylə bağlı 90deqiqe.Az-a müsahibə verdi.  

- Araz, necə oldu ki, I Liqanın autsayderiylə anlaşdın?

- “Qaradağ Lökbatan”ı seçməyimin bir necə səbəbi var. Burda həm Amit Quluzadə, həm klub rəhbərliyinin məni heyətinə qatmaqda israrlığı, həm də komandanın çətin vəziyyətdə olması faktorları dayanır. Bu gün klub heç də xoş günlərini yaşamır. Ona görə də bataqlıqda boğulan “Qaradağ Lökbatanı” xilas etmək üçün maksimum gücümü və təcrübəmi ortaya qoyacam. Bu mənə ayrıca motivasiya verir.

-  Başqa təkliflərin yox idi?

- “Zirə” ilə müqaviləm vardı, amma yaxşı formaya düşməyim üçün maksimim oynamaq istəyirdim. Klub da mənim bu istəyimi anlayışla qarşıladı və başqa komandaya keçidimə mane olmayacaqlarını bildirdilər.Səmimi deyim ki, Avropadan təkliflərim vardı. Sadəcə yaxından tanıdığım və birgə futbol oynadığım Amit Quluzadənin məni komandasına dəvət etməsindən sonra başqa təklifləri kənar etdim.

- Aşağı Liqanın autsayder komandasına keçidin birmənalı qarşılanmadı və seçiminə görə səni qınayanlar da var. Buna münasibətin?

- Hər kəsin fikirinə hörmətlə yanaşıram. Mən futbolu çox sevirəm və hələ də oynamaq eşqim var. Yıxılıb qalxmağı bacaran və reallıqları nəzərə alan biriyəm. Harda daha çox oynamaq şansım varsa, seçimimi ona görə edirəm. Bu gün “Qaradağ Lökbatan”ın sıralarında olmağı geriyə addım, uğursuzluq kimi qiymətləndirmirəm. Bəzən geniş, hamar yollara çıxmaq üçün tikanlı və dar keçidləri arxada qoymalısan. Odur ki, gələcəkdə daha güclü klublarda çıxış etməyim üçün hazırkı komandam yaxşı başlanğıcdır.

- “Qırmızı-mavilər”in heyətindəki debütünü necə dəyərləndirərdin?

- Bir necə aydı oynamıram, istədiyim formada deyiləm. Amma bu gün yaxşı motivasiya ilə meydana çıxdım, qol vurmaq üçün imkanlarım olsa da, son nöqtəni qoya bilmədim. Düşünürəm ki, debütüm pis alınmadı.Komandamızda gənc, istəkli oyunçular çoxdur, kollektivimiz də mehribandır. Qarşıdakı turlarda daha yaxşı çıxış edəcəyimizə inanıram.

- Yığmamızın Millətlər Liqasındakı uğursuz çıxışı haqqında nə deyərdin?

- Millinin formasını dəfələrlə geyinmiş biri kimi deyim ki, hazrkı nəticələrimizə görə çox məyusam. Azərbaycan seçməsinin şərəfini qorumuş hər bir futbolçu istəyir ki, ölkənin əsas komandası uğurlu çıxış etsin və yaxşı yerlərdə qərarlaşsın. Yığmamız qələbə qazanada hamı fərəflənir. Ümid edirəm ki, qarşıdakı oyunlarda millimiz daha yaxşı çıxış edəcək.

ABDULLA İSMAYILOĞLU







Müsahibə