- Müsahibə
- 22:18 20.10.2024
“Yığmamızla bağlı nə qədər nikbin olmağa çalışsaq da, meydankı oyuna və nəticələrə baxanda məyus olursan”
Bu sözləri 90deqiqe.Az-a açıqlamasında “Neftçi”nin və yığmamızın sabiq üzvü Paşa Əliyev deyib.
Veteran futbolçu ölkənin əsas komandasına gətirilən əcnəbi məşqçilərin səriştəsizliyi və uşaq futbolundakı problemlərdən də danışdı:
“Uzun illərdir millimizin sükanı araxasında əcnəbi məşqçilər yer alsa da, inkişaf yoxdur. Yurçeviçlərin, debiyazilərin səriştəsizliyi indi də Fernadu Santuşla davam edir. Portuqaliyalı məşqçini gətirib 4 oyunda məğlub olacaqdıqsa, buna ən zəif yerli məşqçimizlə də nail olmaq olardı. Hərçənd, savadlı gənc mütəxəssislərimiz var ki, istənilən əcnəbi məşqçidən daha çox yığmamıza fayda verə bilərlər. Amma öz məşqçilərimizə dəyər verib, onları irəli çəkənlər yoxdur. Bu gün həm əsas, həm də U-21 millimizin çıxışlarına baxanda ürəyimiz ağrıyır, utanc keçiririk. Digər böyük problemimiz isə uşaq futbolunun iflic vəziyyətdə olmasıdır. Uşaq futbol məktəbləri istedadlı oyunçuları yetişdirə bilmir. Çünki futbolun bu sahəsinə lazımi şərait yaradılmır. Bu gün əcnəbi məşqçilərə xərclənən pulları uşaq futboluna yatırmaq lazımdır. Hazırda aşağı yaş qrupları üzrə yığmalarımızda futbolçu qıtlığıdır. Uşaq futbolunda oyunçular yetişdirə bilməyəcəyiksə, Azərbaycanda futbolunun inkişafından söhbət gedə bilməz”.
ABDULLA İSMAYILOĞLU