22 oktyabr 2024. Çərşənbə axşamı

Rüstəm Məmmədov: “Maddi sıxıntılarımızı əzmkar oyunlarımızla kompensasiya etməyə çalışırıq”


Rüstəm Məmmədov: “Maddi sıxıntılarımızı əzmkar oyunlarımızla kompensasiya etməyə çalışırıq”

“Bir çox problemlərimiz var. Buna rəğmən mənəvi, psixoloji, fiziki baxımından yaxşı formadayıq. Bu əhval-ruhiyədə davam etmək istəyirik”.

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Bölgə təmsilçisinin baş məşqçisi qələbələr sıralamalarına rəğmən maliyyə problemlərinə görə çox əziyyət çəkmələrindən də danışdı:

“Çempionatın zəif büdcəli komandalarından olsaq da, son beş oyundakı nəticələrimiz bizi sevindirir. Yetirmələrim hər oyuna final matçı kimi yanaşır və meydanda bütün güclərini qoyurlar. Çox istəyərdik ki, çəkdiyimiz əziyyətləri qiymətləndirənlər tapılsın. Komandamıza yaxşı sponsor dəstəyi olsa, heyətimizi  səviyyəli oyunçularla gücləndirə və daha yaxşı çıxış edə bilərik. Bu gün maliyyəmizin zəifliyi bizə çox maneələr yaradır. Odur ki, maddi sıxıntılarımızı əzmkar oyunumuzla kompensasiya etməyə çalışırıq. Təbii ki, sona qədər belə davam edə bilməz. Amma yenə də nikbinliyimizi itirmirik və inanırıq ki, komandamıza sponsor dəstəyi görəcəyik”.

Xatırladaq ki, “Zaqatala” geridə qalan 5 turdan sonra turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Bölgə təmsilçisi cari çempionatda məğlub olmayan üç komandadan biridir.

ABDULLA İSMAYILOĞLU







Müsahibə