22 oktyabr 2024. Çərşənbə axşamı

Rüstəm Əhmədzadə: “Hələlik uğur bizim tərəfimizdə deyil”


Rüstəm Əhmədzadə: “Hələlik uğur bizim tərəfimizdə deyil”

Bu gün "Zirə" doğma publika qarşısında "Sabah"ı qəbul etdi. Qarşılaşma 1:1 hesabıyla başa çatdı. "Qartallar"ın futbolçusu Rüstəm Əhmədzadə matçla bağlı 90deqiqe.Az-a danışdı.

- Bugünkü oyunla bağlı fikirlərin maraqlıdır...

- Çətin matç alındı. Oyundan əvvəl də, gərgin 90 dəqiqə keçəcəyini bilirdik. Düşünürəm ki, ağır keçən qarşılaşmada hər iki tərəf yaxşı çıxış etdi. Heç kim uduzmaq istəmirdi. Son dəqiqədə vurduğumuz qol sayəsində məğlubiyyətdən qaçdıq.

- Səncə, 1 xal qazandız, yoxsa 2 xal itirdiz?

- Güclü rəqiblə görüşdə ruhdan düşməyib oyuna əlavə olunan dəqiqələrdə qol vurub məğlubiyyətdən qaça bilmişiksə, bunu uğur hesab edirəm.

- Qol fürsətlərində son nöqtəni qoya bilmirsiz, bu nə ilə əlaqəlidir?

- Bunun xüsusi səbəbi yoxdur. Bacardığımız qədər maksimum qol vurmaqda maraqlıyıq. Sadəcə şansları qaçırıq. Qarşıdakı turlarda daha çox qol vuracağımıza inanıram.

- Yığmamız Millətlər Liqasındakı son iki oyunda məğlub oldu. Matçlarda şans qazanan futbolçu olaraq uğursuzluğun səbəbini nədə görürsən?

- Estoniya və Slovakiya ilə oyuna yaxşı hazırlaşmışdıq. Prinsib etibarıyla pis oynamadıq, kifayət qədər qol şanslarımız da oldu, sadəcə onlardan yararlana bilmədik. Məğlubiyyətlərə layiq deyildik.  Hələlik uğur bizim tərəfimizdə deyil. Amma belə davam edə bilməz. Qarşıdakı oyunlar üçün toparlanmalı, səhvlərimizi ciddi analiz etməli və qələbə üçün çarpışmalıyıq.

ABDULLA İSMAYILOĞLU







Müsahibə