- 11:29 20.02.2025
Ölkəmizdə idmançı hüquqlarının qorunması məsələsi elə də inkişaf etməyib. Bəzən idmançılar hüquqlarını bilmədiklərinə görə özlərini yetərincə müdafiə edə bilmirlər.
Ümumiyyətlə gəlin görək idman hüququ nədir? Bu sahəyə nə üçün ehtiyac var?
İdman hüququ, idmanla bağlı hüquqi münasibətləri tənzimləyən bir hüquq sahəsidir. Bu sahə idmançılar, klublar, federasiyalar, sponsorlar və azarkeşlər arasında yaranan hüquqi məsələləri əhatə edir.
İdman hüququ idmanın ədalətli, şəffaf və təhlükəsiz şəkildə idarə olunmasını təmin etmək üçün vacibdir. İdman sahəsində müxtəlif hüquqi məsələlər yarana bilər, və bu sahə idmançıların, klubların, federasiyaların və azarkeşlərin hüquq və vəzifələrini tənzimləyir.
Mövzu barədə idmançılar üçün hüquqi dəstək şirkətinin (PASS-Player Asistant Sport Service) təsisçisi, hüquqşünas Elcan Həsənli 90deqiqe.Az saytına danışıb:
"Azərbaycanda idman hüququ yeni yaranıb və tam olaraq inkişaf etməyib. Bunun əsas səbəblərindən biri də idman mühitinin və idmançıların yetəri qədər peşəkarlaşmamasıdır. Onu da qeyd edim ki, yerli federasiyalarda bu məsələdə ləngiyirlər. Vaxtında düzgün hüquqi tənzimləmə ilə məşğul olmadıqlarına görə bu idman hüququnun inkişafına maneə yaradır".
"Şirkətimiz bütün idman növləri üzrə fəaliyyət göstərən idmançılara xidmət göstərir. Baxmayaraq ki, daha çox idman hüququnun pozulması halı ilə futbolçular üzləşir, ancaq biz futbolla yanaşı digər idman növlərində, eyni zamanda federasiyalara, komitələrə də hüquqi xidmət göstəririk"- deyə E.Həsənli qeyd edib.
Fəxriyyə Adil