- Müsahibə
- 21:11 17.03.2025
Futbol təkcə meydanda oynanan bir idman növü deyil, eyni zamanda ölkənin idman mədəniyyətini və nüfuzunu formalaşdıran bir sahədir. Lakin bəzən oyun zamanı baş verən insidentlər futbolun idman ruhundan kənara çıxaraq mübahisələrə və narahatlıqlara səbəb olur. Son zamanlar bir çox klublar arasında o cümlədən, "Qarabağ" – "Araz-Naxçıvan" matçında yaşanan münaqişələr də bu qəbildəndir. Bu tip hadisələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Beynəlxalq arenada bu cür hallar necə qarşılanır və biz bu təcrübədən nə öyrənə bilərik? Ən əsası isə, bu insident Azərbaycan futbolunun imicinə necə təsir edə bilər?
Mövzu barədə 90deqiqe.Az saytına Mili Məclisin Gənclər və İdman komitəsinin üzvü, deputat Vüqar İskəndərov danışıb:
"İdmanın əsas missiyası sağlamlığı, dostluğu, birliyi və sülhü tərənnüm etməkdir. Təbii olaraq hər bir idman yarışının növündən asılı olmayaraq keçirilməsində humanist ideyalar hər şeydən üstün tutulur. O cümlədən futbol populyarlığına görə ən çox azarkeş kütləsinə malik olan və ən çox izlənilən idman növü olduğu üçün burda baş verən hər hansı xoşagəlməz hadisələr onun baş verdiyi ölkə ilə yanaşı qlobal anlamda da müzakirələrə səbəb olur. Son zamanlar ölkəmizdə keçirilən Premyer Liqa oyunlarında özəlliklə "Qarabağ" "Araz-Naxçıvan" matçında baş verən hadisələr hər birimizi məyus etdi. Oyun zamanı futbolçuların emosiyalarını cilovlaya bilməməsi və bir-birilərinə qarşı aqressiv hərəkətləri heç də yaxşı qarşılanmadı.
Bu baxımdan AFFA-nın İntizam Komitəsinin qərarı gələcəkdə baş verə biləcək bu cür hadisələrin qarşısının alınmasında mühüm rol oynayır. Bir çox çempionatlarda belə hallar baş verdiyi zaman federasiyalar, liqaları idarə edən təşkilatlar ciddi ölçü götürürlər. Bu baxımdan komandanın və futbolçuların cəzalandırılırması qaçılmazdır"
"Azərbaycanda idman növləri o cümlədən, futbol sürətlə inkişaf edir, bu səbəbdən futbol oyunlarında bə baş verən hadisələr daha sürətlə yayılır. Bu cür hadisələrin ölkə çempionatında baş verməsi ölkə futbolunun imicinə də təsir edir. Bu məna da ciddi tədbirlər görülməli, bele halların təkrarlanmasına şərait yaradılmamalıdır"
Vüqar İskəndərov onu da vurğulayıb ki: Təkcə klublarımızın avrokuboklarda təmsil olunmasını deyil, hakimlərimizin də Avropada çıxış etməsini dəstəkləməliyik.
Ölkəmizdə yüksək səviyyəli hakimlər çoxdur və onlar daha çox beynəlxalq yarışlara vəsiqə alıb, yüksək səviyyəli oyunları idarə etməlidirlər. Hakimlərin təcrübələrinin artması oyunların daha effektli idarə edilməsinə və xoşagəlməz hadisələrin azalmasına səbəb olacaqdır.
"Ümumiyyətlə bu cür halların qarşısının öncədən alınması məqsədilə klubların daxilində görüşlər keçirilməli, məşqçilər futbolçularla söhbətlər aparmalıdır"-deyə deputat V.İskəndərov qeyd edib.