13 aprel 2025. Bazar günü
AFFA-nın Hesabat Konfransı keçirilib

Deputatlar hansı idmanla məşğul olur? - SORĞU


Deputatlar hansı idmanla məşğul olur?  - SORĞU

Kim sevirsə idmanı,
Bir, iki, üç, dörd.
Poladdan olar canı,
Bir, iki, üç, dörd.

Bəli, həqiqətəndə bu misralarda da deyildiyi kimi idmanı kim sevirsə və mütəmadi olaraq məşğul olursa canı polad kimi möhkəm olur. Elə bu baxımdan çalışdığımız sahədən asılı olmayaraq idmanla məşğul olmağı rutinləşdirməliyik.

Bəs görəsən, siyasətçilər necə idmanla məşğul olurmu? Bu məqsədlə deputatlardan bir neçəsinə idmanla bağlı suallar ünvanladıq.
İdman siyasətçilər üçün nə dərəcədə vacibdir?
Onlar həftədə neçə dəfə idmanla məşğul olurlar?
Peşəkar səviyyədə hansı idman növü ilə məşğul olublar və ya istərdilər?

Gəlin deputatların fikirləri ilə tanış olaq.

Deputat Könül Nurullayeva: "İdman ümumiyyətlə, vəzifə və peşəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəs üçün vacibdir. Mən peşəkar idmanı nəzərdə tutmuram, təbii ki. Söhbət fiziki aktivlikdən gedir. İnsanların çoxunun oturaq həyat tərzi sürdüyü müasir dünyada fiziki fəaliyyət, bədən tərbiyəsi və idman mühüm əhəmiyyət kəsb edir. Mütəxəssislər bildirir ki, hərəkət həyatdır, aktiv həyat isə sağlamlığımızdır. İdman beyin funksiyasını və yaddaşı yaxşılaşdırmağa kömək edir. Bədən tərbiyəsi ilə məşğul olan insan özünü inkişaf etdirir. Yeri gəlmişkən, bu, təkcə bədənə deyil, həm də ruha aiddir, əhval-ruhiyyəyə də əhəmiyyətli dərəcədə təsir edir. İdman daha geniş mənada baxsaq, insanın həm fiziki, həm də digər  qabiliyyətlərinin müqayisəsidir. Bu mənada siyasətçilərin də fiziki aktivliyi təbii ki, arzuolunandır.Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, sağlamlığı qorumaq üçün həftədə ən azı 150 dəqiqə fiziki fəaliyyətə vaxt ayırmaq lazımdır. Amma iş qrafiki sıx olduğundan təəssüf ki, intensiv idman mümkün olmur. Bacardıqca daha çox fiziki fəaliyyətlə məşğul olmağa çalışıram. Vaxt tapdıqca  yürüş edirəm. İsti havada isə üzgüçülüyə gedirəm.  

8 ilə yaxın üzgüçülüyə getmişəm. Əsl peşəkar kimi üzməyi bacarıram. Məqsədim hansısa yarışa qatılmaq olmayıb, sadəcə, üzgüçülüyə marağım olub. Həmçinin, stolüstü tennisə də getmişəm və bu idman növündə yerli turnirlər, universitetlərarası yarışlara qatılmışam. Hətta bütün dəst medallar qazanmışam".

Deputat Naqif Həmzəyev: "Sağlam həyat tərzini dəstəkləyirəm. Aktiv olmağı, sağlam qidalanmağa çalışıram. İdman hər kəs üçün vacibdir. Biz çalışmalıyıq ki, idmanı kütləviləşdirək. İdmanı sevdirək və həyat tərzinə çevirək. Özüm yoga və fitneslə aktiv məşqul oluram. Həftədə ən azı 3 dəfə idmana vaxt ayırıram".

 

Deputat Vüqar İskəndərov: "İdman hər kəs üçün vacibdir. Bu həm insanın fiziki, həm də psixi inkişafına xidmət edir.Sağlam həyat tərzi insanın cəmiyyətdə bir fərd kimi özünü təsdiq etməsinə də təsir edir. İdman tək siyasətçilər üçün deyil, hamı üçün vacibdir. Fiziki sağlamlığımız hər zaman önəmlidir. İstər həyat fəaliyyətində, istər hər hansı işin icrasında önəmli rol oynayır.
Hər gün səhər gimnastika ilə məşğul oluram. Bu mənim tonusumu yüksəldir nəticədə gündəlik gərgin iş zamanı çox böyük köməyi olur. Onu da qeyd edim ki, uşaqlıqdan idmana futbolla başlasamda sonradan döyüşə marağım olduğu üçün peşəkar karate ilə məşğul olmuşam.Karate üzrə Azərbaycan çempionu adını qazanmışam.Milli yığma komandanın üzvü olmuşam. Eyni zamanda karate üzrə Dünya 3-cüsü və  Avropa çempionu adlarına da layiq görülmüşəm.Peşəkar fəaliyyətim zamanı  uzun illər ölkəmizin şərəfini qorumuşam. Şəxsi fəaliyyətimdə olan məktəbimdə  yüzlərlə gəncin həm fiziki, həm də mənəvi inkişafına dəstək olmuşam.Bu gün də həmin tələbələr ölkəmizin bütün sahələrində uğurla xidmət edirlər.Beynəlxalq dərəcəli hakim və  idman ustasıyam".

Deputat Razi Nurullayev: "İdman hər birimizin sağlamlığı və formada qalması üçün mühüm rol oynayır. Eləcədə siyasətçilər üçün idman vacibdir. Onların iş şəraiti bəzən oturaq olduğuna görə də idmanla məşğul olmaqları sağlamlıqlarını müsbət təsir edir. Siyasətçilər həm də televiziyada ekran qarşısında olduqları üçün daim formada qalmağı bacarmalıdırlar. Mən demək olar ki, hər gün idmanla məşğul oluram, əsasəndə gimnastika ilə. Əvvəllər idmanın müxtəlif növləri ilə məşğul olmuşam. Daha çox futbol bəzən isə voleybol oynamışam. Eyni zamanda  bir neçə il bokslada məşğul olmuşam. İndi isə ancaq sağlamlığım və formada qalmaq üçün yüngül gimnastika ilə məşğul oluram".
 

Fəxriyyə Adil







Müsahibə