- Müsahibə
- 22:13 30.04.2025
"Qəbələ" klubu adını Premyer Liqaya yazdırmağı bacardı. İndi hədəf daha böyük olacaq– ölkənin ən güclüləri arasında layiqli mübarizə aparmaq."
Azarkeşlər artıq komandanın Premyer Liqadaki çıxışını səbirsizliklə gözləyirlər."
Bəs görəsən "Qəbələ" "Premyer Liqada rəqabət üçün heyətində hansı dəyişikliklər edəcək?
"Qəbələ"nin yeni hədəfləri hansılardır?
Uğurun davamlılığını təmin etmək üçün hansı addımlar atılacaq?
Mövzu barədə "Qəbələ" futbol klubunun idman direktoru Səbuhi Səfiyarlının 90deqiqe.Az saytına danışıb:
"Əlbəttə, hazırkı heyətin gücü müəyyən məhdudiyyətlərə malikdir və yalnız bu heyətlə Premyer Liqada qalmağa ümid etmək bir qədər çətin ola bilər. Bununla belə, heyətimizdə müəyyən sayda futbolçunu qoruyub saxlamağı planlaşdırırıq. Burada akademiyamızdan çıxan gənc futbolçular da yer alır və onların təcrübə qazanması üçün əsas komandada iştirak etmələri vacibdir.
Bəzi gənc oyunçular artıq Premyer Liqada oynaya biləcək səviyyəyə yaxınlaşıblar. Bu səbəbdən, yeni mövsümdə onlara daha çox şans verəcəyik. Eyni zamanda, bəzi mövqeləri gücləndirmək üçün yeni transferlərə ehtiyacımız olacaq.
Hazırda rəhbərliklə konkret hədəflər barədə ətraflı müzakirə aparılmayıb, çünki mövsüm yeni başa çatıb. İlk növbədə klubun büdcəsi müəyyənləşdiriləcək və buna uyğun olaraq transfer siyahısı hazırlanacaq. Bütün bu məsələlər dəqiqləşdikdən sonra yeni mövsüm üçün konkret hədəflər üzərində işləyəcəyik. Qeyd etməliyik ki, hədəflər birbaşa maliyyə imkanlarına bağlı olacaq.
Hazırkı əsas məqsədimiz yaxşı heyət formalaşdırmaq və mümkün qədər uğurlu çıxış etməkdir.
Qeyd etmək istəyirəm ki, birinci liqada çıxış etdiyimiz dövrdə təkcə Premyer Liqaya yüksəlmək məqsədi güdməmişdik. Eyni zamanda, akademiyamızın gənc futbolçularına əsas komandada oynamaq və təcrübə qazanmaq imkanı yaratmışdıq. Hazırda heyətimizdə 20–21 yaş aralığında olan, hətta daha az yaşlı futbolçular da yer alır. Buna görə də yeni mövsüm üçün heyətin müəyyən hissəsinin məhz bu gənc oyunçulardan ibarət olmasını planlaşdırırıq.
Akademiyamızın yetirmələri və transfer siyasətimizdə yaş amili xüsusi önəm daşıyacaq. Çünki komandanı yalnız bu mövsüm üçün deyil, qarşıdakı 2–3 il üçün də formalaşdırmaq istəyirik. Gənc futbolçular bir mövsüm ərzində qazandıqları təcrübə ilə gələcək illərdə komandamıza daha böyük töhfə verəcəklər. Bu səbəbdən transferlərdə əsasən gənc və potensialı olan futbolçulara üstünlük veriləcək"
Fəxriyyə Adil