18 iyun 2025. Çərşənbə

"Bu qələbə təsadüfi deyil" - DEPUTATDAN AÇIQLAMA


"Bu qələbə təsadüfi deyil"  - DEPUTATDAN AÇIQLAMA

Son illər Azərbaycan futbolu, xüsusilə də mini-futbol sahəsində əldə olunan uğurlar ölkə idmanı üçün yeni bir dövrün başlandığını göstərir. Xüsusilə milli mini-futbol yığmamızın beynəlxalq arenada qazandığı böyük qələbələr təkcə azarkeşlər arasında ruh yüksəkliyi yaratmaqla kifayətlənmir, eyni zamanda bu idman növünün inkişafı üçün mühüm imkanlar yaradır. Bu nailiyyətlər idmanın kütləviliyini artırmaq, gənclər arasında futbola marağı gücləndirmək və regional səviyyədə yeni istedadların üzə çıxarılmasını stimullaşdırmaq baxımından əhəmiyyətlidir. Bəs bu uğurları qorumaq və daha da irəli aparmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu 90deqiqe.Az saytına danışıb:

"Minifutbol üzrə Azərbaycan yığmasının dünya çempionu olması həm ölkə futbolu, həm də ümumilikdə idman tariximiz üçün mühüm hadisədir. Bu qələbə təkcə idman uğuru deyil, həm də bir neçə vacib aspektdən xüsusi dəyər daşıyır.

İlk növbədə, bu nailiyyət uzun illərdir kollektiv idman növlərində uğur qazanmaqda çətinlik çəkən Azərbaycan cəmiyyətindəki psixoloji sindromu qırdı. Komandamız sübut etdi ki, kollektiv oyunlarda da ən yüksək pilləyə qalxmaq mümkündür.

İkincisi, bu uğur Azərbaycanın ümumi zəfər ruhunun, birlik və həmrəyliyinin idman sahəsinə də sirayət etdiyini göstərir. Dövlətin ətrafında sıx birləşmiş cəmiyyətin uğuru necə təmin edə bildiyini bu dəfə futbol sahəsində gördük.

Qələbədə Federasiya rəhbərliyinin rolu da qeyd olunmalıdır. Komandanın peşəkar şəkildə qurulması, psixoloji hazırlığın yüksək səviyyədə təşkili, oyunçuların sosial qayğılardan uzaq olması bu uğura zəmin yaratdı. Minifutbolçular yalnız oyuna fokuslana bildilər və nəticədə dünya çempionu oldular".

Hikmət Babaoğlu onu da qeyd edib ki, bu qələbə təsadüfi deyil. Bildirib ki, komanda daha öncə Avropa çempionu olub və dünya çempionatında da 4-cü yeri tutub. Onun sözlərinə görə, bu, davamlı inkişafın göstəricisidir və gələcək üçün möhkəm təməldir.

O, əlavə edib ki, hazırda vacib olan bu uğuru genişləndirmək, futbol infrastrukturunu gücləndirmək və yeni nəsli mövcud komanda ilə inteqrasiya edərək davamlı uğurlar üçün zəmin yaratmaqdır.

H.Babaoğlu sonda vurğulayıb ki, artıq ən yüksək zirvə fəth edilib və indi əsas məsələ bu zirvəni qorumaq və genişləndirməkdir.

Fəxriyyə Adil







Müsahibə