5 dekabr 2025. Cümə

"Sabah"ın real şansları var" - AÇIQLAMA


"Sabah"ın real şansları var"  - AÇIQLAMA

"Sabah"ın avrokuboklardakı debüt mövsümü davam edir. Komanda Konfrans Liqasının IIl təsnifat mərhələsində Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Səfərdə baş tutan ilk oyunda minimal hesabla (0:1) məğlub olan təmsilçimiz üçün cavab görüşü həlledici xarakter daşıyır. 

Mövzu barədə futbol eksperti Aslan Kərimovun 90deqiqe.Az saytına açıqlamasımı təqdim edirik.

Düşünürəm ki, bu komandaların oyun səviyyəsi bir-birinə yaxındır. İlk oyunda bəlkə “Levski” daha çox topa sahib idi və üstünlük yaratmağa çalışırdı, çünki öz meydanlarında oynayırdılar və azarkeş dəstəyi də vardı. Amma bu topa nəzarət real qol imkanlarına çevrilmirdi. Mənim yadıma gəlmir ki, “Levski”nin ilk oyunda yüz faizlik təhlükəli bir qol şansı olsun. Sadəcə, son dəqiqələrdə bir künc zərbəsindən qol vura bildilər.

Əksinə, “Sabah”ın ilk hissədə iki real qol imkanı oldu, təəssüf ki, bunlardan istifadə edə bilmədilər. Bütün bunları nəzərə alsaq, cavab oyununun da eyni tempdə keçəcəyi ehtimalı böyükdür. Mən bu qarşılaşmanı 50/50 hesab edirəm. Qalib də gələ bilərik, məğlub da ola bilərik, amma “Sabah”ın real şansları var.

Komandanın əsas üstünlüyü cinah hücumçularıdır. Yaxşı presinq etdilər və hücum qurmaq bacarıqları var. Bu səviyyədə isə qol imkanlarını dəyərləndirməsən, rəqib səni mütləq cəzalandırır.

 “Levski”nin üstünlüyü isə minimal fərqlə (1:0) Bakıya gəlməsidir. Bu böyük üstünlük deyil, amma onlara müdafiə olunaraq əks-hücumlarla oynamaq imkanı verir. “Sabah” isə əks-hücumlarda boşluqlar buraxmamalıdır.

Taktiki baxımdan ciddi dəyişiklikə ehtiyac olduğunu düşünmürəm. Onsuz da ilk oyunda 5-li müdafiə ilə çıxmışdılar. Ev oyununda 4-lü və ya 5-li sistemlə oynamağın böyük fərqi yoxdur. Əsas məsələ konsentrasiya və taktiki tapşırıqların düzgün yerinə yetirilməsidir.

Ümid edirəm ki, komanda bu məsələlərə diqqət yetirəcək və cavab oyunundan uğurla çıxacaq.

Fəxriyyə Adil







Müsahibə