5 dekabr 2025. Cümə

"Liseydən ayrılmaq məcburiyyətində qaldım"


"Liseydən ayrılmaq məcburiyyətində qaldım"

İdmanla məşğul olan şagirdlərin üzləşdiyi əsas çətinliklərdən biri vaxtın düzgün idarə olunmasıdır. Onlar həm dərslərində uğur qazanmağa, həm də seçdikləri idman növündə nailiyyət əldə etməyə çalışırlar. 

90deqiqe.Az saytının "İdmançıların məktəb illəri" rubrikasının növbəti qonağı Basketbol üzrə Azərbaycan millisinin oyunçusu Amil Həmzəyevdir. Amil bəyin məktəb illəri mövzusunda müsahibəsini təqdim edirik:

Məktəb vaxtı idmana necə maraq göstərməyə başladın? Dərslərlə məşqləri bir yerdə aparmaq sənə çətin olmurdu ki?

-Basketbola maraq ilk olaraq böyük qardaşımda yaranmışdı. O, əvvəlcə basketbola getməyə başlamışdı, sonra məni də özü ilə apardı. Biz birlikdə başladıq, amma o, qısa müddət sonra davam etmədi. Mənim boyumun həmyaşıdlarıma nisbətən daha sürətli inkişaf etməsi ailəmizin və dostlarımızın da məsləhəti ilə məni bu sahəyə yönəltdi.

Bir az çətinliklər yaradırdı. Dediyim kimi, min liseydə davam edə bilmədim. Orta məktəbə keçdim. Ancaq ki, fədakarlıq tələb eləyirdi – gərək həm dərslərə, həm məşqlərə çatasan. Əlavə məşqlərə gedirdim. Bir müddət çətinlik idi, əlbəttə ki. Ancaq gənc yaşda, gənc orqanizm o yorğunluğun öhdəsindən gələ bilir.

Müəllimlərin və sinif yoldaşların sənin idmanla məşğul olmağına necə baxırdılar? Məktəb illərindən yadında qalan ən maraqlı xatirən hansıdır?

-O dövrdə Türk liseyində oxuyurdum. Basketbola başladıqdan sonra, 9-cu sinfi bitirdikdən sonra artıq liseydən ayrılmaq məcburiyyətində qaldım, çünki məşqlərlə dərs cədvəli üst-üstə düşmürdü. Daha sonra adi orta məktəbə keçdim.

Ən yadda qalan xatirəm isə 9-cu sinifdə oxuyanda Bakıya seleksiyaya – yoxlanışa gəlməyimlə bağlıdır. Qayıtdıqdan sonra sinif yoldaşlarımın məni alqışlaması, mənə dəstək olması məni çox sevindirmişdi. Hətta bu gün də o dostlarım mənə dəstək olurlar, oyunlarıma gəlirlər.

İdmanla məşğul olan həmyaşıdlarına və yeni dərs ilinə başlayan şagirdlərə nə məsləhət verərdin?

Tövsiyyə edərdim dərslərinə də maksimum diqqət ayırsınlar, elə düşünməsinlər ki, idmana gedirlər, dərslər vacib deyil. Həqiqətən, biz idmançıların, xüsusilə də komanda idmanı ilə məşğul olan idmançıların karyerasında gələcək illərdə bu çox fərq yaradır.

Fəxriyyə Adil







Müsahibə