5 dekabr 2025. Cümə

"Akademiyamızın komandaları ilk ildən uğurlar qazanıb" - MÜSAHİBƏ - FOTOLAR


"Akademiyamızın komandaları ilk ildən uğurlar qazanıb"  - MÜSAHİBƏ - FOTOLAR

“Ulduz” Futbol Akademiyası Azərbaycanın futbol potensialını gücləndirmək, istedadlı gəncləri peşəkar futbola hazırlamaq və ölkə futbolunun gələcəyinə sistemli töhfə vermək məqsədilə yaradılıb. Akademiya qısa müddətdə həm infrastrukturu, həm tədris-metodologiyası, həm də turnir fəaliyyətləri ilə diqqət çəkərək, futbolçu yetişdirilməsi sahəsində etibarlı bir mərkəzə çevrilib. Burada əsas məqsəd yalnız futbol bacarığını artırmaq deyil, eyni zamanda gənc oyunçuların şəxsiyyət kimi formalaşmasına, peşəkar düşüncə tərzi qazanmasına və beynəlxalq standartlara uyğun inkişaf etməsinə şərait yaratmaqdır. 

Mövzu barədə "Ulduz" futbol Akademiyasının direktoru Mehman Əlimovun 90deqiqe.Az saytına müsahibəsini təqdim edirik:

“Ulduz” Futbol Akademiyasının yaradılmasında əsas məqsəd nə idi və bu günə qədər hansı uğurlar əldə olunub?

Ulduz Futbol Akademiyası 2023-cü ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılıb. Akademiya, Nazirliyin nəzdində fəaliyyət göstərən futbol üzrə ixtisaslaşmış Olimpiya Ehtiyatları Məktəbinin tərkibində fəaliyyət göstərir. Akademiyanın əsas məqsədi Azərbaycan futbolunu qlobal arenada tanıtmaq və milli komandalar üçün potensiallı futbolçular yetişdirməkdir.

Əsas fəaliyyət istiqamətimiz bölgələrdəki istedadlı uşaqları düzgün seleksiya prosesi ilə aşkarlayıb futbolumuza qazandırmaqdır. Yarandığımız ilk gündən — 2023-cü ilin sentyabr ayından etibarən — komandamız AFFA bayrağı altında keçirilən yarışlarda iştirak etməyə başlayıb. 

İlkin mərhələdə 4 yaş qrupu üzrə – U10, U11, U12 və U13 komandaları ilə fəaliyyətə başladıq. Komandalar həm bölgələrdən, həm də Bakıdan seçilmiş istedadlı uşaqlardan formalaşıb. 

Əlavə olaraq bildirim ki, 2023-cü ildə 4 yaş qrupu ilə fəaliyyətə başlasaq da, 2024-cü ilin yanvarından komanda sayımızı artırdıq. Yeni mövsümə hazırlıq üçün U8 və U9 komandalarını, həmçinin iki yaş qrupu üzrə qızlar komandasını formalaşdırdıq.

Akademiyamızın komandaları ilk ildən uğurlar qazanıb. 2023-cü ildə U-13 komandamız Respublika üzrə 3-cü, 2024-2025 mövsümündə U-14 və qızlar komandamız Gümüş medal qazanıblar. 2014-cü il təvəllüdlü komandamız Bolqarıstanda beynəlxalq turnirin qalibi olub. Hal-hazırda qızlar komandamız 7 oyunun hamısında qalib gələrək liderdir. U-15 komandamız isə AFFA U-15 liqasının A qrupunda lider mövqedədir.

İstedadlı uşaqların, xüsusilə də regionlardan olan futbolçuların seçilməsi hansı meyarlara əsaslanır və seçim prosesi necə təşkil olunur?

Biz illik fəaliyyət planı tərtib edirik. Bu plan əsasında ilin müxtəlif vaxtlarında Azərbaycanın müxtəlif bölgələrinə səfərlər təşkil olunur.

Bu səfərlərdə şəxsən mən, idman direktorumuz Kamen Vasiliev, komandanın baş məşqçisi və müvafiq koordinatorlar birgə iştirak edirik. Əvvəldən müəyyən olunmuş proqrama əsasən bölgələrdə iki tərəfli yoldaşlıq oyunları keçirilir. Bu oyunlar zamanı fərqlənən futbolçular Ulduz Futbol Akademiyasına cəlb olunur.

Bundan əlavə, AFFA-nın bölgələr üzrə təşkil etdiyi yarışlarda da iştirak edirik və həmin yarışlarda fərqlənən uşaqlar diqqətimizdə olur. Onlarla və valideynləri ilə əlaqə saxlayaraq, akademiyamızın şərtləri, o cümlədən Bakıda qalma və təminat məsələləri barədə məlumat veririk. Razılıq əldə etdikdən sonra həmin futbolçular akademiyamıza dəvət olunur.
Akademiyamız bölgələrdən cəlb olunan istedadlı futbolçular üçün həm təhsil, həm də idman sahəsində zəruri şəraiti yaradıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə futbolçular Şüvəlan qəsəbəsində yerləşdirilib, yaxınlıqda yerləşən məktəbdə isə təhsillərini davam etdirirlər. Səhər dərsə gedir, nahardan sonra nəqliyyatla məşqə aparılırlar. Hər biri vahid proqramı üzrə məşq edir və forma ilə təmin olunub. Fürsətdən istifadə edib məktəb direktoru *Zümrüd xanıma göstərdiyi dəstəyə görə təşəkkür edirik.

Akademiyanın təlim proqramı və məşq metodologiyası beynəlxalq standartlara necə uyğunlaşdırılıb?

 Akademiyamızda vahid proqramı tətbiq olunur və bu proqram vasitəsilə bütün yaş qrupları – U-10-dan başlayaraq U-15-ə qədər – eyni məşq sistemi ilə məşğul olurlar. Bu, həm məşq prosesində vahid yanaşma yaradır, həm də futbolçuların sistemli inkişafını təmin edir.

Məşqçilər heyətinin formalaşdırılması və onların çalışdığı yaş qruplarına təsiri barədə nə deyə bilərsiniz?

Məşqçi heyətinin formalaşdırılmasında əsas diqqət onların uşaqlarla işləmək bacarığına və UEFA kateqoriyalarına yönəldilir. Təsadüfi deyil ki, akademiyamızda U14 və U15 komandalarının baş məşqçiləri – Elmir Hüseynov və İlyas Qurbanov – UEFA A kateqoriyasına malikdirlər. Digər məşqçilərimiz isə UEFA B və C kateqoriyalı lisenziyalara sahibdirlər. Əsas kriteriyalardan biri də onların pedaqoji yanaşması və istedadlı uşaqlarla düzgün ünsiyyət qura bilməsidir.

İnfrastruktur — meydançalar, təlim, təhsil və yaşayış şəraiti — gənc futbolçuların inkişafına necə xidmət edir?

İnfrastruktur və meydançalara gəldikdə — akademiyamız hal-hazırda iki əsas məkanda fəaliyyət göstərir:

- Böyük yaş qruplarımız (U14 və U15) Şağan Olimpiya Kompleksində yerləşir, məşqlərini və oyunlarını orada keçirirlər.
- Aşağı yaş qruplarımız (U13 və daha kiçiklər) isə köhnə Neftçi bazasının ərazisində — hazırda Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzi kimi fəaliyyət göstərən meydançada məşq və oyunlarını keçirirlər.

Əlavə olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu ilin oktyabr ayından etibarən Şağan Olimpiya Kompleksində meydançaların tam yenilənməsi və beynəlxalq standartlara uyğun təmir-bərpa işləri aparılır. İşlərin 2025-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.

 “Ulduz Cup” kimi turnirlərin keçirilməsinin məqsədi nədir və bu yarışlar akademiyanın tanıdılmasına hansı töhfəni verir?

"Ulduz cup" kimi beynəlxalq turnirlərin təşkili – bizim üçün çox önəmlidir. Məqsədimiz istedadlı futbolçuların beynəlxalq təcrübə qazanması, Azərbaycan futbolunun qlobal səviyyədə tanıdılması və futbolçularımızın inkişafıdır.

Ulduz Futbol Akademiyası olaraq, ilk beynəlxalq “Ulduz cup” turnirini 2024-cü ilin yayında, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qubada keçirdik. Bu turnirdə 8 komanda iştirak etdi, finalda Ulduz komandamız Dinamo Minsk ilə qarşılaşdı və gümüş medalla kifayətləndi.

2025-ci ilin avqustunda keçirilən ikinci “Ulduz cup” turnirinə isə 12 komanda dəvət olundu, onların 8-i beynəlxalq klub idi. Turnir yüksək səviyyədə təşkil olundu və çox uğurlu keçdi.

Bundan əlavə, akademiya olaraq futbolçularımızın və məşqçilərimizin beynəlxalq təcrübə qazanması üçün mütəmadi olaraq müxtəlif ölkələrdə təşkil olunan turnirlərdə iştirak edirik – Türkiyə, Bolqarıstan, Rusiya, Gürcüstan, Özbəkistan kimi ölkələrdə fərqli yaş qruplarımız özlərini sınayıblar və bir sıra uğurlara imza atıblar.

Akademiyanın gələcək planları və uzunmüddətli vizionu nədən ibarətdir? Peşəkar komanda yaradılması və beynəlxalq əməkdaşlıqlar gündəmdədirmi?

Akademiyamızın uzunmüddətli planları qısaca belədir:

Milli komandaya istedadlı futbolçular yetişdirmək – Bölgələrdə istedadların tapılması və milli komandaya qazandırılması əsas prioritetdir.

Peşəkar komanda yaratmaq – Akademiya məzunlarının inkişafı üçün gələcəkdə öz peşəkar komandamızın qurulması nəzərdə tutulur.

Beynəlxalq əməkdaşlığı genişləndirmək – Avropa və region ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq turnirlərdə iştirak əsas hədəflərdəndir.

Yaxın hədəf – 2025-ci ilin dekabrında U12 komandamız Tbilisidə keçiriləcək “Bendela Cup” beynəlxalq turnirində iştirak edəcək.

Fəxriyyə Adil







Müsahibə