18 dekabr 2025. Cümə axşamı

"Ələt qəsəbəsində klubun öz stadionu yoxdur" - MÜSAHİBƏ - FOTOLAR


"Ələt qəsəbəsində klubun öz stadionu yoxdur"  - MÜSAHİBƏ - FOTOLAR

Son illər bölgə futbolunda adı tez-tez çəkilən "Ələt" futbol klubu uşaq futbolunun inkişafı istiqamətində atdığı addımlar və əldə etdiyi nəticələrlə diqqət cəlb edir. 2017-ci ildən fəaliyyət göstərən klub bu müddət ərzində müxtəlif yaş qruplarında uğurlu çıxışlar edib, xüsusilə U-14 komandasının son nailiyyətləri klubun düzgün inkişaf strategiyası seçdiyini göstərir. 

Mövzu barədə "Ələt" FK-nın təsisçisi Ayaz Məmmədzadənin 90deqiqe.Az saytına müsahibəsini təqdim edirik:

– “Ələt” futbol klubunun yarandığı vaxtdan bu günədək inkişaf dövrünü necə qiymətləndirirsiniz?

"Ələt" Futbol Klubu 2017-ci ildən etibarən iki əsas istiqamətdə fəaliyyət göstərir: uşaq futbolunun inkişafı və böyük yaş qrupunun hazırlanması. Hazırda U-12, U-13 və U-14 komandalarımız AFFA-nın Sumqayıt regionu üzrə yarışlarında iştirak edir. Xüsusilə qeyd etmək istərdim ki, U-13 komandamız artıq yuxarı mərhələyə vəsiqə qazanıb. Böyük yaş qrupunun fəaliyyəti maliyyə səbəblərindən davam etdirilməsə də, vaxtaşırı məşqlər və yığma görüşlər təşkil olunur. Ümumilikdə, klubun inkişafını mərhələli və məqsədyönlü hesab edirik.

– Komandanın son dövrdə göstərdiyi nəticələr uşaqların oyun və intizam baxımından inkişafına necə təsir edib?

Son dövrlərdə əldə olunan nəticələr uşaqlarda həm oyun keyfiyyətinin, həm də intizamın yüksəlməsinə ciddi təsir göstərib. Uşaqlar məşqlərə vaxtında gəlir, oyun zamanı rəqibə və hakim qərarlarına hörmətlə yanaşırlar. Məşqçilər hər oyundan öncə nizam-intizam və davranışla bağlı xüsusi təlimatlar verir, pozuntu hallarında dərhal xəbərdarlıq edirlər. Bu yanaşma ümumi komanda ruhunun və nəticələrin formalaşmasında mühüm rol oynayır.

– U-14 liqasında mərhələ adlamanız klub üçün hansı mənanı daşıyır və bu uğurun arxasında hansı amillər dayanır?

Bu, "Ələt" Futbol Klubunun tarixində ilk dəfə U-14 komandamızın bu səviyyədə uğur qazanmasıdır və bizim üçün olduqca önəmlidir. Bu nailiyyət aşağı yaş qruplarına da motivasiya verir. Uğurun əsas səbəbi davamlı və planlı məşqlər, məşqçilərin peşəkarlığı və oyunöncəsi rəqib analizləridir. Hər oyundan sonra aparılan müzakirələr də inkişaf prosesinə müsbət təsir göstərir.

– Qarşıdakı oyunlara hazırlıq prosesi necə gedir? U-14 komandası üçün hansı texniki və taktiki məqamlara xüsusi diqqət yetirilir?

Hazırlıq prosesi sistemli şəkildə aparılır. Məşqçilər hər oyundan öncə rəqibin oyun üslubunu və taktikasını analiz edir. Texniki baxımdan topa nəzarət, düzgün ötürmələr və mövqe seçimi üzərində çalışılır. Taktiki tərəfdən isə komanda oyunu, müdafiədən hücuma keçid və intizamlı oyun əsas prioritetlərimizdəndir.

– Stadionun olmaması klubun fəaliyyətinə necə təsir göstərir?

Təəssüf ki, "Ələt" qəsəbəsində klubun öz stadionu yoxdur. Bu səbəbdən məşqlər müxtəlif məktəb zallarında və açıq ərazilərdə keçirilir. Hava şəraiti və məkan dəyişkənliyi məşq prosesinə və uşaqların motivasiyasına mənfi təsir edir. Klub dəfələrlə aidiyyəti qurumlara stadion tikintisi ilə bağlı müraciət etsə də, hələlik müsbət rəsmi cavab alınmayıb.
Klubumuzda çoxlu istedadlı uşaqlar var, lakin lazımi şərait olmadığından onların bir qismi daha yaxşı infrastruktura malik klublara transfer olunur. Əgər stadion tikilərsə, bu, uşaqların potensialının tam açılmasına və klubun davamlı inkişafına böyük töhfə verər.

– "Ələt" FK-nın ümumi inkişaf planları və gələcək prioritetləri nələrdir?

Əsas məqsədimiz peşəkar klub kimi formalaşmaq, gələcəkdə yerli və Avropa liqalarında iştirak etməkdir. Prioritet hədəfimiz isə Ələt qəsəbəsində güclü uşaq futbol akademiyası yaratmaqdır. Bunun üçün stadion, maddi-texniki baza və ümumi futbol infrastrukturu vacibdir. Bu şəraitlər yaradılarsa, hədəflərimizə daha inamla çatacağımıza inanırıq.

Fəxriyyə Adil







Müsahibə