- Müsahibə
- 19:18 11.01.2026
Qeyd edək ki, bundan əvvəl də digər idman federasiyalarının fəaliyyəti ilə bağlı analoji açıqlama təqdim etmişik. Bu dəfə isə 2025-ci il ərzində cüdo, atçılıq, gimnastika, güləş, paralimpiya və stolüstü tennis federasiyalarının gördüyü işlər, həyata keçirdiyi layihələr və əldə olunan nəticələrə dair qısa, ümumiləşdirilmiş məlumatları diqqətə çatdıracağıq.
Federasiyaların 90deqiqe.Az saytına məlumatlarını təqdim edirik:

Azərbaycan Cüdo Federasiyası 2025-ci ildə
Cüdoçularımız 2025-ci ildə beynəlxalq arenada uğurlu çıxış ediblər. İl ərzində müxtəlif yaş qrupları üzrə fərdi və komanda yarışlarında 76 qızıl, 61 gümüş, 116 bürünc olmaqla ümumilikdə 253 medal qazanılıb.
2025-ci ildə ölkəmiz Bakıda Böyük Dəbilqəyə, Qubada Avropa Kubokuna ev sahibliyi edib. Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Ümidləri Turniri, eləcə də Kodokan mütəxəssislərinin iştirakı ilə texniki sessiyalar təşkil olunub.
Göygöldə keçirilən III MDB Oyunlarının cüdo yarışlarında idmançılarımız fərdi mübarizədə 5 qızıl, 7 gümüş, 9 bürünc (cəmi 21 medal) əldə edib, qarışıq komanda yarışında isə çempion olub. Ər-Riyadda baş tutan VI İslam Həmrəyliyi Oyunlarında isə fərdi yarışlarda 2 qızıl, 2 gümüş, 5 bürünc medal qazanılıb, qarışıq komanda yarışı da qələbə ilə tamamlanıb. Bu nəticə böyüklər arasında qarışıq komandada Azərbaycan cüdo tarixinin ilk çempionluğudur.
İl ərzində ACF ölkə üzrə cüdonun kütləviliyinin, infrastrukturunun və idarəçiliyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Qax, Tərtər, İmişli, Zaqatalanın Mosul kəndi və Şabranda Cüdo Təlim Mərkəzləri açılıb, Azərbaycan İdman Akademiyasında yenilənmiş cüdo zalı istifadəyə verilib. 2022-ci ildən bəri Bakı və regionlarda 156 idman zalına təxminən 12 min tatami paylanıb, 2300-dən çox yeniyetmə və gəncin məşqi üçün şərait yaradılıb.
Bundan əlavə, Azərbaycanda ilk dəfə adaptiv cüdo turniri keçirilib. “Kata for All” festivalı, Kodokan mütəxəssislərinin iştirakı ilə seminarlar, eləcə də məşqçilər üçün ilkin tibbi yardım, fiziki hazırlıq, hakimlik qaydaları və sosial medianın düzgün istifadəsi mövzularında təlimlər təşkil olunub.

Azərbaycan Atçılıq Federasiyası 2025-ci ildə
2025-ci il Azərbaycan Respublikası Atçılıq Federasiyası üçün ölkədaxili fəaliyyətlə yanaşı, beynəlxalq arenada da fəal iştirak ili olmuşdur. İl ərzində atçılığın müxtəlif istiqamətləri üzrə yarışlar, nümayiş proqramları və beynəlxalq tədbirlər ardıcıl şəkildə həyata keçirilmişdir.
Ölkə daxilində bir çox cıdır yarışları , yorğa qaçışları, həmçinin konkur yarışı təşkil edilmişdir. Çövkən üzrə Peşəkar Liqa ikinci ildir ki, uğurla keçirilmiş, 12 komandanın iştirakı ilə 22 turdan ibarət olmaqla 132 oyun baş tutmuşdur. Mövsümün yekununda Sərhədçi komandası birinci, Elit komandası ikinci, Polad komandası isə üçüncü yerə layiq görülmüşdür. Çövkən üzrə Prezident Kuboku turnirinin qalibi Elit komandası olmuşdur.
30 avqust tarixində Azərbaycan Avtomobil Federasiyası ilə birgə keçirilən “At Gücü” tədbiri çərçivəsində Azərbaycan və İtaliya yığmaları arasında yoldaşlıq görüşü təşkil edilmiş, Azərbaycan komandası qələbə qazanmışdır.
2025-ci il ərzində Azərbaycan atçılığı bir sıra mühüm beynəlxalq tədbirlərdə layiqincə təmsil olunmuşdur. İsveçrənin Sankt-Morits şəhərində keçirilən qar polosu turnirində “Land of Fire – Azerbaijan” komandası finala yüksələrək ikinci yerin sahibi olmuşdur. Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində dövlət bayramı çərçivəsində təşkil olunan tədbirlərdə, Bəhreyndə keçirilən “Mara’ee 2025” beynəlxalq layihəsində, Böyük Britaniyada ənənəvi Kral Atçılıq Tədbirlərində, eləcə də Türkiyənin İstanbul şəhərində təşkil edilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında iştirak etmişdir. Həmin tədbirlər çərçivəsində milli atçılıq mədəniyyətimiz, Qarabağ atları və süvarilik ənənələrimiz geniş beynəlxalq auditoriyaya təqdim olunmuşdur.
Ümumilikdə, 2025-ci il Azərbaycan atçılığının inkişafı, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və milli irsimizin dünyada tanıdılması baxımından məhsuldar il olmuşdur.

Azərbaycan Güləş Federasiyası 2025-ci ildə
2025-ci il ərzində Azərbaycan Güləş Federasiyasının idmançıları Avropa çempionatlarında 22 qızıl, 21 gümüş və 30 bürünc, dünya çempionatlarında 11 qızıl, 6 gümüş və 18 bürünc, digər beynəlxalq yarışlarda isə 32 qızıl, 48 gümüş və 64 bürünc medal qazanaraq ümumilikdə 65 qızıl, 75 gümüş və 112 bürünc medalla yadda qalan nəticələrə imza atıblar. Həmçinin, müxtəlif yaş qrupları üzrə komandalarımız 6 dəfə Avropa çempionu olub, Avropa və dünya çempionatlarında isə ümumilikdə 14 dəfə ilk üçlükdə yer alıb.

Azərbaycan Gimnastika Federasiyası 2025-ci ildə
2025-ci il Azərbaycan gimnastikası üçün uğurlu və əlamətdar il oldu. Gimnastlarımız il ərzində yerli və beynəlxalq arenada yüksək nəticələr əldə etdilər.
İlin ən yaddaqalan hadisələrindən biri Selcan Mahsudovanın Kotbusda keçirilən batut gimnastikası üzrə Dünya kubokunda Dünya rekordunu yeniləməsi oldu. O, həmçinin Dünya çempionatında 5-ci yer tutaraq tarixi nəticə əldə etdi.
Tofiq Əliyev Dünya Oyunlarında tamblinq üzrə üçlü salto – üçlü vint kombinasiyasını uğurla icra edərək gimnastika tarixində iz qoydu.
Albina Əliyeva isə qadın idman gimnastikası üzrə Dünya çempionatında ilk dəfə final mərhələsinə yüksəldi.
2025-ci ildə gimnastlarımız beynəlxalq yarışlarda ümumilikdə 65 qızıl, 85 gümüş və 80 bürünc medal qazandılar. Eyni zamanda, Nikita Simonov, Murad Rəfiyev və Daniel Abbasov, eləcə də Tofiq Əliyev Dünya kuboku seriyalarının qalibi oldular.
İl ərzində Azərbaycan bir sıra nüfuzlu yarışlara ev sahibliyi etdi. Gəncə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatını qəbul etdi, Bakı isə müxtəlif gimnastika növləri üzrə Dünya və Avropa kubokları ilə yanaşı beynəlxalq turnirlərə ev sahibliyi etdi.
2025-ci il həmçinin təlim-məşq toplanışları, ustad dərsləri və beynəlxalq əməkdaşlıq baxımından da məhsuldar oldu. İlin sonunda Fərid Qayıbov Avropa Gimnastikasının Konqresində yenidən prezident seçildi.

Azərbaycan Milli Paralimpiya Komitəsi 2025-ci ildə
Paralimpiyaçılarımız 2025-ci ildə keçirilən beynəlxalq yarışlarda 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazanıblar.
Bunların arasında 1 dünya və 2 Avropa çempionluğu da yer alır.
2025-ci il gənc paralimpiyaçılarımız üçün əlamətdar olub. 7-ci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında debüt edən Azərbaycan Milli Paralimpiya komandası 7 idman növü üzrə 17 idmançı ilə təmsil olunduğu oyunları 4 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurub.
Yeniyetmə paralimpiyaçılarımız isə bu il Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında 3 qızıl, 2 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 9 medal qazanıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyası 2025-ci ildə
Stolüstü Tennis Federasiyasının idmançıları 2025-ci il ərzində beynəlxalq arenada uğurlu çıxış edərək ümumilikdə 2 qızıl, 8 gümüş və 18 bürünc medal qazanıblar. Bu medallardan 2 bürünc mükafat İslam Həmrəyliyi Oyunlarında, 6 gümüş və 3 bürünc medal MDB Oyunlarında, qalan medallar isə müxtəlif beynəlxalq turnirlərdə əldə olunub.
Fəxriyyə Adil