- Müsahibə
- 18:24 17.01.2026
2025-ci il Azərbaycan triatlonu üçün hakimlik sahəsində mühüm yeniliklərlə yadda qalıb. İl ərzində həm ölkədaxili, həm də beynəlxalq arenada həyata keçirilən fəaliyyətlər bu sahənin inkişafına təkan verir. Xüsusilə yerli hakimlərin beynəlxalq standartlara uyğun hazırlanması və ilk dəfə beynəlxalq sertifikatın aktivləşdirilməsi istiqamətində atılan addımlar Azərbaycan triatlonunun gələcək inkişafı baxımından əhəmiyyətli mərhələ kimi dəyərləndirilir.
Bu barədə Azərbaycan Triatlon Federasiyasının mətbuat katibi Sənubər İmanovanın 90deqiqe.Az saytına açıqlamasını tədqim edirik:

2025-ci il ərzində Azərbaycan triatlonunda hakimlik sahəsində həm yerli, həm də beynəlxalq səviyyədə bir sıra mühüm fəaliyyətlər həyata keçirilib. İl ərzində ölkə daxilində Triatlon üzrə ölkə çempionatı, eləcə də ilk dəfə Aquatlon üzrə ölkə çempionatı təşkil olunub və bu yarışlarda hakimlik beynəlxalq qaydalara uyğun şəkildə icra edilib.
2025-ci ilin iyun ayında Qırğızıstanda keçirilən beynəlxalq hakimlik kursunda iştirak edən Balaheydər Kərimov imtahan nəticələrinə əsasən Level 1 beynəlxalq hakimlik sertifikatı əldə edib. Qaydalara əsasən, bu sertifikatın aktivləşdirilməsi üçün altı ay ərzində beynəlxalq yarışlardan birində hakim kimi iştirak tələb olunur.
Bu çərçivədə Rumıniyada keçirilən Yeniyetmələrin Avropa Kuboku yarışında Azərbaycan Balaheydər Kərimov tərəfindən təmsil olunub. Sözügedən yarış Level 1 sertifikatının aktivləşdirilməsi baxımından vacib mərhələ hesab olunur. Rumıniyada keçirilən yarışda hakimlik fəaliyyəti qeydiyyat prosesi, su etapının startı və tranzit zonasında işlərin təşkili daxil olmaqla müxtəlif istiqamətləri əhatə edib. Bu da yarışın bütün mərhələləri üzrə praktiki təcrübənin əldə olunmasına şərait yaradıb.
Beynəlxalq fəaliyyət Rumıniya ilə məhdudlaşmayıb. Maltada keçirilən Yeniyetmələrin Avropa Kuboku yarışında da Azərbaycan Balaheydər Kərimov tərəfindən təmsil olunub. Bu yarışda tranzit zonasının təşkili və idarə olunması üzrə məsul vəzifə yerinə yetirilib. Tranzit zonası yarışlarda ən çox texniki nəzarət tələb edən hissələrdən biri hesab olunur.
Qeyd edək ki, bu mərhələ Azərbaycan triatlonunda hakimlik sahəsində yeni bir təcrübə kimi dəyərləndirilir. Belə ki, Level 1 beynəlxalq hakimlik sertifikatının aktivləşdirilməsi məqsədilə Avropa Kuboku yarışında hakimlik edən ilk yerli mütəxəssis məhz Balaheydər Kərimov olub. Onu da bildirək ki, beynəlxalq yarışlarda hakimlik fəaliyyəti ingilis dili bilikləri və beynəlxalq qaydaların dəqiq icrasını tələb edir. Eyni zamanda, bu cür təcrübə yerli yarışlarda hakimlik keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Hazırda ölkə daxilində keçirilən yarışların böyük hissəsi məhdud sayda hakim heyəti tərəfindən həyata keçirilir. Bu baxımdan 2026-cı il üçün əsas istiqamətlərdən biri yerli hakimlərin hazırlanması, təlim və seminarların təşkili, eləcə də insan resurslarının genişləndirilməsidir. Bu fəaliyyətlər Azərbaycan triatlonunda yarışların keyfiyyətinin artırılmasına və beynəlxalq standartların tətbiqinə yönəlib.
Fəxriyyə Adil