23 yanvar 2026. Cümə

"Qarabağ" artıq dünyanın tanınmış klublarından birinə çevrildiyini göstərir - DEPUTAT


"Qarabağ" artıq dünyanın tanınmış klublarından birinə çevrildiyini göstərir  - DEPUTAT

"Qarabağ" FK-nın son uğuru bir daha sübut etdi ki, klub artıq təkcə ölkə daxilində deyil, beynəlxalq futbol gündəmində də mühüm yer tutur. Hakim qərarlarına baxmayaraq qazanılan bu qələbə həm komandanın peşəkarlığını, həm də mübarizə ruhunu nümayiş etdirdi. Xüsusilə həlledici qolun azərbaycanlı futbolçu tərəfindən vurulması bu uğura əlavə mənəvi dəyər qatdı.

Mövzu barədə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin 90deqiqe.Az saytına açıqlaması:

"Qarabağ"ın güclü komandaya çevrilməsi gözümüzün qabağında baş verir. Vaxtilə ilk oyunlarda qapıya top vurması, ilk qələbəsi bizdə də böyük bir sevinc yaratdı. Amma biz artıq "Qarabağ" komandasından hər dəfə qələbə gözləyirik. Komanda sübut edir ki, o bunu bacarır.

Dünyanın nüfuzlu komandaları ilə bir liqada oynaması və eyni zamanda onlar üzərində qələbə çalması "Qarabağ"ın artıq dünya futbolunun tanınan klublarından birinə çevrildiyini göstərir.
Dünənki qələbə komandanın gücünü, eyni zamanda Azərbaycan xalqının qətiyyətini göstərdi. Bütün ölkə sevinc içərisindədir. Cənab Prezidentimiz də "Qarabağ"ı təbrik etdi və uğurlar arzuladı.
İnanırıq ki, "Qarabağ" klubu yarışlarda bizləri sevindirəcəkdir. Eyni zamanda görünən ondan ibarətdir ki, Azərbaycan Futbol Çempionatında digər klublarımız da güclənməkdə davam edirlər.
Klublarımızda azərbaycanlı futbolçuların sayı da durmadan artmaqdadır. Dünənki qələbə sevincini Bəhlul Mustafazadənin gətirməsi Azərbaycan gənclərinin gücünü göstərir. Biz komandamızı təbrik edirik, ona yeni uğurlar arzu edirik. Həmişə onların yanındayıq. Və bundan sonra da "Qarabağ"ın qələbələr qazanacağı, bizləri həmişə sevindirəcəyi gözləniləndir.

Fəxriyyə Adil







Müsahibə