- Müsahibə
- 15:07 25.01.2026
2025-ci il ərzində idman federasiyalarının fəaliyyətini təqdim etməyə davam edirik. Əvvəlki hissələrdə bir sıra federasiyaların gördüyü işlərə toxunmuşduq. Bu hissədə də idmanın müxtəlif növlərinin inkişafı, idmançı hazırlığı, beynəlxalq arenada iştirak və kütləviliyin artırılması istiqamətində fəaliyyət göstərən digər idman federasiyalarının ötən il ərzində həyata keçirdiyi əsas tədbirlər, layihələr və əldə olunan nəticələrə qısa şəkildə nəzər saldıq.
Federasiyaların 90deqiqe.Az saytına məlumatlarını təqdim edirik:

Azərbaycan Velosiped İdmanı Federasiyası 2025-ci ildə
Azərbaycan Velosiped İdmanı Federasiyasında 2025-ci ili daha çox keçid dövrü kimi xarakterizə etmək olar. Belə ki, 2025-ci ilin may ayında federasiyada prezident seçkiləri keçirildi və Zaur Axundov Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçildi. Bundan sonra əsas məqsəd və hədəflər müəyyənləşdirildi və bu istiqamətdə müvafiq işlərin icrasına başlanıldı.
İlk növbədə infrastrukturun yaradılması, eyni zamanda maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi. Bu baxımdan 2025-ci ili idman nəticələrindən daha çox, yenidən təşkilatlanma və strukturlaşma ili kimi də qiymətləndirmək olar.
Eyni zamanda il ərzində keçirilən tədbirləri də qeyd etmək lazımdır. Federasiya tərəfindən daha çox sosial yönümlü və dövlət əhəmiyyətli tədbirlər təşkil olunmuşdur. Nümunə olaraq, 28 May – Müstəqillik Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə keçirilən veloyürüşləri qeyd etmək olar. Həmin tədbirlərdə 300-dən artıq həvəskar və peşəkar velosipedçi iştirak etmişdir.
Bununla yanaşı, Mətbuat Günü münasibətilə mətbuat nümayəndələri və dövlət qurumlarının əməkdaşları üçün də yarışlar təşkil olunmuşdur. Qeyd edək ki, dövlət qurumlarının əməkdaşları arasında keçirilən yarış Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılmışdır.
Federasiya üçün mühüm məqamlardan biri də Azərbaycanda Bakı–Xankəndi veloyürüşünün Beynəlxalq Velosipedçilər İttifaqının 2026-cı il üçün təqvim planına salınmasına nail olunmasıdır. Bu məsələ 2025-ci ildə əldə edilən əsas uğurlardan biri hesab olunur.
Eyni zamanda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 10-a yaxın regionda velosiped bölmələrinin açılması təmin edilmişdir. Hazırda həmin bölmələr fəaliyyətlərini davam etdirir və idmançılar mütəmadi olaraq məşqlərini həyata keçirirlər.
Beynəlxalq turnirlərdə də idmançılarımızın iştirakı təmin olunmuşdur. Qazaxıstan və Özbəkistanda keçirilən yarışlarda iştirak edən velosipedçilərimiz müxtəlif əyarlı medallar qazanmışdır.
Qeyd edildiyi kimi, əsas məqsəd prezident seçkilərindən sonra növbəti illərdə maddi-texniki bazanın daha da yaxşılaşdırılması və velosiped idman növünün ölkə üzrə populyarlığının artırılması istiqamətində sistemli işlərin görülməsi olmuşdur.

Azərbaycan Kamandan Oxatma Federasiyası 2025-ci ildə
Azərbaycan Kamandan Oxatma Federasiyası: 2025-ci il üzrə hesabatın qısa xülasəsi
2025-ci il Azərbaycan Kamandan Oxatma Federasiyası üçün beynəlxalq arenada qazanılan uğurlar, dövlət əhəmiyyətli idman tədbirlərində iştirak və ölkə daxili kütləviliyin artırılması ilə xarakterizə olunmuşdur. İl ərzində əldə olunan əsas nailiyyətlər aşağıdakı xronoloji ardıcıllıqla qeyd edilmişdir:
Beynəlxalq nailiyyətlər və yarışlar
ISF U15 Gimnaziada (4–14 aprel, Zlatibor, Serbiya):
Dünya məktəblilərinin ən mötəbər yarışı hesab olunan Gimnaziadada ölkəmizi təmsil edən Leyla Məmmədli, qarışıq (miks) komanda tərkibində yüksək peşəkarlıq nümayiş etdirərək 1-ci yeri (qızıl medal) qazanmışdır. Bu uğur yeniyetmə oxatanlarımızın dünya səviyyəli rəqabətə hazırlığının göstəricisidir.
III MDB Oyunları (1–5 oktyabr, Xankəndi, Azərbaycan):
Azərbaycanın ev sahibliyi etdiyi bu tarixi yarış çərçivəsində kamandan oxatma turniri Xankəndi şəhər stadionunda təşkil edilmişdir. Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Sümeyyə Bədəllidən ibarət qızlar komandamız gərgin mübarizə şəraitində yarışı 4-cü pillədə tamamlamışdır. Yarışın Xankəndidə keçirilməsi idman növünün işğaldan azad edilmiş ərazilərdə təbliği baxımından böyük rəmzi əhəmiyyət kəsb etmişdir.
“Vladimir Yeşeyev mükafatı” Beynəlxalq Turniri (4–7 dekabr, Çita, Rusiya):
15 ölkənin iştirak etdiyi beynəlxalq turnirdə Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanovadan ibarət qadın yığma komandamız yüksək nəticə göstərərək 3-cü yerə (bürünc medal) layiq görülmüşdür.
Ölkədaxili fəaliyyət və inkişaf
Daxili yarışların təşkili və idmanın kütləviliyinin artırılması:
28-30 avqust tarixlərində keçirilən “Ölkə birinciliyi və çempionatında” 60-dan çox idmançının iştirakı, 13-15 noyabr tarixlərində isə tarixi qələbəmizə həsr olunmuş "Zəfər turniri"nin təşkili ilin ən müsbət halları kimi qeyd edilməlidir. Cari ilin ən mühüm nailiyyətlərindən biri kimi, "Zəfər turniri"nin nəticələri, idmançıların göstəriciləri və yarışın texniki məlumatları Dünya Oxatma Federasiyasının (World Archery) rəsmi qeydiyyat sistemi olan "ianseo" platformasında (https://www.ianseo.net/Details.php?toId=25455 ) uğurla yerləşdirilmişdir. Qeyd olunmalıdır ki, 2015-ci ildən bu günədək yerli yarışların nəticələri sözügedən beynəlxalq sistemdə əksini tapmamışdır. Bu addım ölkə daxilində keçirilən yarışların beynəlxalq şəffaflıq və rəsmi statistik standartlara uyğunlaşdırılması istiqamətində mühüm dönüş nöqtəsidir.
Strateji tərəfdaşlıq və kadr hazırlığı
ADBTİA ilə əməkdaşlıq: Hesabat ili ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə imzalanmış Əməkdaşlıq Memorandumu idman növünün elmi əsaslarla inkişafı, yüksək ixtisaslı məşqçi və hakim kadrlarının hazırlanması istiqamətində mühüm addım olmuşdur. Bu tərəfdaşlıq akademik biliklərin praktiki təlim prosesinə inteqrasiyasına xidmət edir.
Paralimpiya ilə əməkdaşlıq: 2025-ci ildə Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığın genişləndirilməsi və para-kamandan oxatma yığmasının Qax şəhərində keçirilən təlim-məşq toplanışları inklüziv idmanın inkişafı istiqamətində mühüm addım olmuşdur.
İnfrastruktur və təlimlər: Dünya Oxatma Federasiyasının sabiq prezidenti Uğur Erdener tərəfindən Bakıdakı təlim bazalarına baxış keçirilmiş, milli yığmanın hazırlıq səviyyəsi yüksək qiymətləndirilmişdir.
Nəticə: 2025-ci il Azərbaycan kamandan oxatmasının həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından əlamətdar il olmuşdur. Federasiya tərəfindən həyata keçirilən islahatlar və qazanılan medallar idmançıların beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirmişdir.

Azərbaycan Triatlon Federasiyası 2025-ci ildə
2025-ci il Azərbaycan triatlonu üçün hakimlik sahəsində mühüm yeniliklərlə yadda qalıb. İl ərzində həm ölkədaxili, həm də beynəlxalq arenada həyata keçirilən fəaliyyətlər bu sahənin inkişafına təkan verir. Xüsusilə yerli hakimlərin beynəlxalq standartlara uyğun hazırlanması və ilk dəfə beynəlxalq sertifikatın aktivləşdirilməsi istiqamətində atılan addımlar Azərbaycan triatlonunun gələcək inkişafı baxımından əhəmiyyətli mərhələ kimi dəyərləndirilir.

Azərbaycan Badminton Federasiyası 2025-ci ildə
2025-ci il Azərbaycan Badminton Federasiyası üçün kifayət qədər uğurlu il oldu. İl ərzində iki beynəlxalq turnir keçirildi. Fevralda komandalararası Avropa çempionatının mərhələ yarışlarından biri Bakıda keçirildi. Bakı İdman Sarayında baş tutdu və Sənsəbirdə, Avropa Oyunları Parkında "Air Badminton" üzrə daha bir Avropa çempionatı keçirildi. Azərbaycan milli komandası həmin turnirdə tarixdə ilk dəfə olaraq finala kimi irəlilədi, yalnız finalda məğlub oldu.
Və ümumiyyətlə, çox yaxşı bir il oldu, məhsuldar bir il oldu. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov BWF – Dünya Badminton Federasiyasında Avropadan Şuraya üzv seçildi və 4 il ərzində həmin şurada təmsil olunacaq. Bu da böyük bir uğurdur.
Bir sıra beynəlxalq yarışlarda bizim idmançılar kifayət qədər uğurlu nəticələr qazandılar, müxtəlif əyarlı medalları oldu – həm böyüklərin yarışında, həm yeniyetmə və gənclərdə. İlk dəfə Avropa və Dünya çempionatında daha çox idmançı ilə təmsil olunduq. Qısaca olaraq bunları deyə bilərəm.
Fəxriyyə Adil