- 12:24 29.01.2026
Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Pərvin Bağırova artıq ikinci mövsümünə start verilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri ilə bağlı 90deqiqe.Az saytına müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik.
- “Dirçəliş Kuboku”nun artıq ikinci mövsümünün (2025–2026) keçirilməsi bu layihənin davamlılığı baxımından hansı əhəmiyyəti daşıyır və ilk mövsümlə müqayisədə hansı yeniliklər var?
- İlk növbədə qeyd edim ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağın dirçəlişi üçün ianələrin cəlb edilməsi və cəmiyyətimizdə ianə mədəniyyətinin təşviq edilməsi ilə yanaşı, idmanın birləşdirici gücündən istifadə edərək gənclərin sağlam həyat tərzinin təşviqinə, korporativ komandalarda komanda ruhunun gücləndirilməsinə və sosial məsuliyyət mədəniyyətinin inkişafına xidmət edir.
Turnirin keçirilməsi ilə biz işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə diqqəti artırmaq, dövlət-özəl sektor əməkdaşlığını təşviq etmək və cəmiyyətin müxtəlif təbəqələrini Qarabağın bərpası kimi çox mühüm bir missiya ətrafında bir araya gətirməyi hədəfləyirik.
Turnirin ikinci mövsümünün keçirilməsi isə bu təşəbbüsə olan marağın və etimadın artdığını açıq şəkildə göstərir. Birinci mövsümdə iştirak edən komandaların böyük əksəriyyətinin yenidən turnirə qoşulması layihənin davamlı və qəbul edilən bir platformaya çevrildiyini sübut edir.
Qeyd edim ki, həm futbol azarkeşləri, həm də turnirdə iştirak edəcək komandaların üzvləri turnirlə bağlı bütün məlumatları həm turnirin rəsmi https://revivalcup.az/ saytından, həm də Facebook, İnstagram və TikTok kimi sosial şəbəkələrdən əldə edə bilərlər.
Yeniliklərə gəlincə, əsas yeniliklərdən biri turnirə marağın daha da genişlənməsi, iştirakçıların və tərəfdaşların sayının artmasıdır. Bu da “Dirçəliş Kuboku”nun artıq təkcə idman yarışı deyil, sosial məsuliyyət daşıyan bir təşəbbüs kimi qəbul olunduğunu, eyni zamanda Qarabağın bərpası ətrafında cəmiyyəti birləşdirən davamlı bir platformaya çevrildiyini göstərir.
Ümumilikdə isə turnirin qaydalarında ciddi bir dəyişiklik baş verməyib. Arzu edən şəxslər turnirin rəsmi saytının “Qaydalar” bölməsinə daxil olaraq turnirin reqlamenti ilə tanış ola bilər.
- Turnir çərçivəsində toplanan ianələrin işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına real təsiri necə qiymətləndirilir və bu vəsaitlərin yönləndirilməsi hansı prinsiplər əsasında həyata keçirilir?
- Fondun fəaliyyətində şəffaflıq və hesabatlılıq əsas prioritet istiqamətlərdən biridir. Fondun fəaliyyəti, icra olunan bütün layihələr, görüşlər hər biri ictimaiyyətə açıq mənbələrdə - rəsmi saytda, sosial hesablarında təqdim olunur. Ətraf mühitin və bütövlükdə cəmiyyətin maraqlarına uyğun şəkildə fəaliyyət göstərmək Fondun əsas hədəflərindəndir.
Müxtəlif təcrübələrə və tədqiqatlara əsasən, “quruculuq” “həmrəylik” ideyası ilə vəhdətdə effektiv nəticələr vəd edir. Tarix boyu baş vermiş müharibələrin acı nəticələrinin aradan qaldırılması, müharibədən sonra bərpa və yenidənqurma prosesi “həmrəylik” ideyası, ictimaiyyətlə dövlətin səylərinin sinerjisi üzərində qurulub və bu birlik müharibədən zərər görmüş regionların qısa müddətə bərpasını təmin edib.
“Dirçəliş kuboku” və onun kimi müxtəlif layihələr məhz həmrəyliyin, birliyin, vahid amal uğrunda birləşməyin bariz nümunəsdir.
Nəzərinizə çatdırım ki, birinci mövsüm çərçivəsində sponsorlar və iştirakçı komandalar tərəfindən ianə edilən 141.000 AZN vəsait Füzuli şəhərinin mərkəzində salınan Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının yaradılmasına yönəldilib.
İkinci mövsüm çərçivəsində isə artıq 115.000 AZN məbləğində vəsait toplanıb və bu vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərə sərf olunacaq.
Qeyd etmək vacibdir ki, bu cür layihələr əslində daha böyük maliyyə resursları tələb edir. Lakin toplanan bu ianələr yalnız maddi deyil, eyni zamanda mühüm mənəvi töhfədir. Bu təşəbbüs cəmiyyətin Qarabağın bərpası prosesinə dəstək vermək iradəsini və həmrəylik ruhunu nümayiş etdirir.
- Özəl sektor və dövlət qurumlarının turnirdə aktiv iştirakı ianəçilik mədəniyyətinin formalaşmasına necə töhfə verir və bu əməkdaşlığın gələcəkdə genişləndirilməsi planlaşdırılırmı?
- “Dirçəliş Kuboku”nun uğurlu təşkilində həm dövlət qurumlarının, həm də özəl sektorun rolu müstəsna əhəmiyyət daşıyır. Onlar turnirin xeyriyyə istiqamətinə öz töhfələrini verməklə yanaşı, həm də sosial məsuliyyət strategiyalarına uyğun olaraq layihənin tərəfdaşına çevrilirlər.
Turnirdə təmsil olunan dövlət qurumları və şirkətlər həm komanda şəklində iştirak edir, həm ianələr vasitəsilə bərpa layihələrinin maliyyələşməsinə dəstək göstərir, həm də öz müştəri və əməkdaşları arasında Qarabağa dəstək ruhunu gücləndirən kommunikasiya aparırlar.
Bu sinerji – dövlət və özəl sektor əməkdaşlığı – Qarabağın bərpasına yönəlmiş fəaliyyətlərdə ictimai həmrəyliyin ən gözəl nümunələrindən biridir.
Digər tərəfdən özəl sektor və dövlət qurumlarının “Dirçəliş Kuboku”nda birgə iştirakı ianəçilik və sosial məsuliyyət mədəniyyətinin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq göstərir ki, sosial problemlərin həlli yalnız ayrı-ayrı qurumların deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Belə təşəbbüslər nümunəvi təsir yaradır və digər qurumları da bu prosesə qoşulmağa təşviq edir. Qarabağ Dirçəliş Fondu üçün bu əməkdaşlıq modeli gələcək illərdə daha da genişləndiriləcək və turnirin daha böyük miqyasda keçirilməsi üçün yeni tərəfdaşlıqlar qurulacaq.
- “Dirçəliş Kuboku”nun təkcə idman tədbiri deyil, həm də sosial məsuliyyət platforması kimi cəmiyyətdə hansı mesajları verməsini vacib hesab edirsiniz?
- Artıq qeyd etdiyim kimi, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağın dirçəlişi üçün ianələrin cəlb edilməsi və cəmiyyətimizdə ianə mədəniyyətinin təşviq edilməsi ilə yanaşı, gənclərin sağlam həyat tərzinin təşviqinə xidmət edir. Bu baxımdan “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri yalnız idman yarışı deyil, həm də həmrəylik, birlik və xeyriyyəçilik ənənələrini gücləndirən sosial təşəbbüsdür.
“Dirçəliş Kuboku”nun verdiyi əsas mesaj hər kəsin Qarabağın bərpası, dirçəlişi prosesinə töhfə verə biləcəyini göstərməkdir. Futbol burada məqsəd deyil, vasitədir – insanları bir araya gətirən, maarifləndirən və xeyirxah məqsəd ətrafında birləşdirən güclü bir platformadır. Qarabağ Dirçəliş Fondu vahid platforma kimi müxtəlif layihələr vasitəsilə insanları eyni məqsəd ətrafında birləşdirərək Qarabağın dirçəlişinə ortaq töhfə verməyə çağırır.
Bu layihə insanlara göstərir ki, sosial məsuliyyət yalnız maddi ianə ilə məhdudlaşmır – iştirak etmək, həmrəylik göstərmək və bu prosesə diqqət çəkmək də böyük əhəmiyyət daşıyır.
Fəxriyyə Adil