5 fevral 2026. Cümə axşamı

"Qarabağ" və "Neftçi"yə futbolçular vermişik" - FOTOLAR


"Qarabağ" və "Neftçi"yə futbolçular vermişik" - FOTOLAR

Ölkəmizdə uşaq futbolunun inkişafı prioritet istiqamətlərdən biri olsa da, bu sahədə hələ də çətinliklə üzləşən klublar mövcuddur. Onlardan biri də "Troya" futbol klubudur.

Klubun hazırkı vəziyyəti, gənc futbolçuların inkişafına yönələn fəaliyyətlər, maddi-texniki bazanın gücləndirilməsi və infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlər "Troya" FK-nun ümumi inkişaf strategiyasının əsasını təşkil edir.

Komandanın gələcək prioritetləri, akademiya modelinə keçid niyyəti və ölkə futboluna töhfə vermək məqsədilə atdığı addımlar barədə məlumatı müsahibəmizdə əldə edə bilərsiniz.

"Troya" futbol klubunun baş məşqçisi Zeynal Hüseynovun 90deqiqe.Az saytına müsahibəsini təqdim edirik:

"Troya" futbol klubunun yaranma məqsədi, inkişaf strategiyası və qarşıdakı illər üçün əsas hədəfləri nələrdir?

"Troya" komandası 2022-ci ildə yaradılıb. Əsas məqsədimiz Azərbaycan futboluna yeni istedadlı oyunçular yetişdirməkdir. Gələcəkdə klubumuzun yetirmələrini milli komandalarda görmək istəyirik. Bunun üçün düzgün struktur qurmaq vacibdir. Hədəfimiz "Troya" komandasını akademiya səviyyəsinə çatdırmaqdır. Bu məqsədlə mən heç bir akademiyada məşqçi kimi işləməyə getməyib, öz akademiyamı qurmaq qərarına gəlmişəm.

Komandanın hazırkı durumu, gənc futbolçuların inkişafı barədə nələr deyə bilərsiniz?

Biz Azərbaycan çempionatında iştirak edirik və hər il ən azı üç yaş qrupunda çıxış edirik. Hazırda U9, U10 və U11 liqalarında oynayırıq. Qısa zaman ərzində böyük uğurlara imza atmışıq: iki il əvvəl Antalyada keçirilən turnirdə U10 komandamızla çempion olmuşuq, ölkə daxilində təşkil olunan turnirlərin də qalibi olmuşuq.

Klubun maddi-texniki bazası və infrastrukturun gücləndirilməsi istiqamətində hansı işlər görülür?

Bütün bunları sponsorsuz, öz gücümüzlə etmişik. Sizin də qeyd etdiyiniz kimi, infrastrukturun formalaşması üçün maliyyə dəstəyinə ehtiyac var. Bu olmadan uşaqları komandada saxlamaq çətinləşir. İki il ərzində "Qarabağ" akademiyasına 6, "Neftçi"yə isə 3 oyunçumuzu vermişik. Onları burada saxlaya bilmək üçün maliyyə dayaq lazımdır. Meydança baxımından da çətinlik çəkirik – böyük meydan çatışmır, məcburiyyət qarşısında kiçik meydançalarda məşq edirik. Uşaqlar üçün hər cür şərait yaradılmalıdır ki, klubu tərk etməsinlər. Uşaq futbolunda baza sistemi əsasdır; bu olmadıqda uşaqlar uzun müddət qala bilmir. Valideynlər də övladları üçün akademiya səviyyəsində şərait tələb edir. Düzgün maliyyə dəstəyi göstərilsə, quracağım sistem sayəsində 10 ildən sonra Azərbaycan millisinin əsas oyunçuları bu akademiyadan çıxacaq. Öz futbol fəlsəfəmin uğur gətirəcəyinə inanıram.

"Troya" FK-nun ümumi inkişaf planları və gələcək prioritetləri barədə nə deyə bilərsiniz?

Əgər bizə dəstək olacaq şəxslər tapılarsa, "Troya" komandasında Avropa tələblərinə cavab verən oyunçular yetişəcək. Belə potensiallı futbolçularımız var, sadəcə itirmək məcburiyyətində qalırıq. İnkişaf üçün əsas şərt bizə inanıb dəstək verən insanlardır. Öz gücümüzlə əlimizdən gələni edirik və istəyirik ki, "Troya" komandası akademiya səviyyəsinə yüksəlsin, ölkədə seçilən akademiyalardan birinə çevrilsin. Arzumuz odur ki, yetişdirdiyimiz futbolçular Azərbaycan futbolunun ən yaxşıları olsun.

Fəxriyyə Adil







Müsahibə