- Müsahibə
- 22:34 23.04.2026
Voleybol sürət, taktika və komanda oyununu birləşdirən ən maraqlı idman növlərindən biridir. Bu idmanda uğur yalnız fiziki hazırlıqla deyil, həm də düzgün strategiya və komanda ruhu ilə əldə olunur. "Xilasedici" voleybol klubunun bu mövsüm qazandığı çempionluq da məhz bu amillərin uğurlu vəhdətinin nəticəsi kimi diqqət çəkir.
"Xilasedici" voleybol klubunun baş məşqçisi Cəlil Cəlilovun 90deqiqe.Az saytına müsahibəsini təqdim edirik:
Sizcə, komandanı bu mövsüm çempionluğa aparan əsas amillər nələr oldu? Bu uğurun arxasında daha çox hansı məqamlar dayanır?
Bu mövsüm komandanı çempionluğa aparan əsas amillər ilk növbədə kollektiv ruhu, nizam-intizam və məqsədə inam oldu. Mövsüm ərzində hər bir oyunçu öz üzərinə düşən məsuliyyəti dərk edirdi və məşqlərdə böyük fədakarlıq göstərirdi. Rəhbərlik, məşqçi heyəti və oyunçular arasında qarşılıqlı etimad və düzgün planlaşdırma bu uğurun əsasını təşkil etdi. Bu çempionluğun arxasında uzunmüddətli zəhmət, səbr və bir komanda kimi birlik dayanır.
Mövsüm ərzində sizin üçün ən çətin və yaddaqalan oyun hansı oldu? Həmin qarşılaşma komandaya nə öyrətdi?
Mövsüm ərzində bizim üçün ən çətin və yadda qalan oyunlardan biri məhz final qarşılaşması oldu. Güclü rəqibə qarşı oynayırdıq və məsuliyyət çox böyük idi. Həmin oyun bizə bir daha göstərdi ki, soyuqqanlılıq, düzgün taktika və sonadək mübarizə aparmaq qalibiyyətin açarıdır. Komanda həmin görüşdən böyük təcrübə qazandı və psixoloji baxımdan daha da gücləndi.
Həlledici oyunlar öncəsi komandanı həm psixoloji, həm də motivasiya baxımından necə hazırlayırdınız? Bu yanaşma nə dərəcədə təsirli oldu?
Həlledici oyunlar öncəsi komandanı həm psixoloji, həm də motivasiya baxımından maksimum hazır vəziyyətə gətirməyə çalışırdıq. Oyunçularla fərdi söhbətlər aparılır, komanda daxilində birlik və inam hissi gücləndirilirdi. Hər kəsə məqsədimizin nə olduğu və bu uğura birlikdə çata biləcəyimiz aşılanırdı. Bu yanaşma öz nəticəsini verdi və komandamız ən vacib anlarda öz potensialını tam şəkildə ortaya qoya bildi.
Bu çempionluqdan sonra komandanın qarşısına hansı yeni hədəflər qoyulub? Gələcək planlarınız nələrdir?
Bu çempionluq bizim üçün son deyil, yeni hədəflərin başlanğıcıdır. Qarşıdakı mövsümdə əsas məqsədimiz mövqeyimizi qorumaq, komandanı daha da gücləndirmək və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməkdir. Artıq növbəti mövsümdə Çempionlar Liqasında iştirak edəcəyik və məqsədimiz orada da rəqabətədavamlı çıxış edərək Azərbaycan voleybolunun səviyyəsini göstərməkdir.
"Xilasedici" voleybol klubuna növbəti mərhələdə uğurlar arzu edirik!
Fəxriyyə Adil