- Müsahibə
- 22:07 01.05.2026
20-yə dək ölkədən 100 dən artıq idmançının mübarizə apardığı “Prezident Kuboku-2026” beynəlxalq reqatası başa çatıb.
Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat katibi Vüsal Qurbanovun 90deqiqe.Az saytına verdiyi məlumata görə Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatası ilk dəfə Qarabağda — Ağdərədə, Sərsəng su anbarından start götürüb, növbəti günlərdə isə Suqovuşan və Mingəçevir şəhərlərində davam edib.
"Yekun nəticələrə əsasən, Azərbaycan komandası yarışları 2 qızıl, 3 gümüş və 4 bürünc olmaqla ümumilikdə 9 medalla başa vurub. Ümumi komanda hesabında isə Gürcüstan yığması həm kanoe, həm də akademik avarçəkmə növündə “Prezident Kuboku”nun qalibi olub.
Yarışların təşkilatçılığı yüksək səviyyədə həyata keçirilib. Qonaqlar Azərbaycan Su İdman Növləri Federasiyasından, Gənclər və İdman Nazirliyindən, ümumilikdə isə ölkəmizdən xoş təəssüratlarla ayrılıblar ki, bu da sevindirici haldır.
“Prezident Kuboku-2026” beynəlxalq reqatası artıq ənənəvi tədbirə çevrilib. Bu dəfə Su İdman Növləri Federasiyası Qarabağda daha bir məkanda avarçəkmə yarışı təşkil edib. Məsuliyyətli tədbir olsa da, uğurla yekunlaşdırılıb".
V. Qurbanov onu da qeyd edib ki, 2–3 may tarixlərində Bakıda, Bulvar ərazisində, Yaxt Klubunun yaxınlığında yelkən idmanı üzrə “Prezident Kuboku” yarışları keçiriləcək. Yarışlar saat 11:00-da başlayacaq, mükafatlandırma mərasimi isə mayın 3-də saat 18:00-da baş tutacaq.
Fəxriyyə Adil