- Müsahibə
- 21:00 14.05.2026
"Sabah" bu mövsüm Azərbaycan futbolunda ən sabit və keyfiyyətli oyun nümayiş etdirən komandalardan biri olduğunu təsdiqlədi. "Zirə" üzərində dramatik Azərbaycan Kuboku finalındakı qələbə komandanın uğurunun təsadüfi olmadığını bir daha göstərdi. Həm Premyer Liqada, həm də kubok yarışında üstün performans sərgiləyən Sabah mövsümü tarixi dublla başa vuraraq bu titullara tam layiq olduğunu sübut etdi.
Mövzu barədə veteran futbolçu Aslan Kərimov 90deqiqe.Az saytına danışıb:
Qeyd etmək lazımdır ki, kubok finalının belə dramatik və gərgin keçəcəyi əvvəlcədən də proqnozlaşdırılırdı. Çünki qarşılaşan hər iki komanda mövsüm ərzində Azərbaycan çempionatında sabit və keyfiyyətli oyun nümayiş etdirmişdi.
"Düzdür, komandalar fərqli oyun üslubuna malik idi və matçdan öncə "Sabah"-ın nisbətən favorit hesab olunması gözlənilən idi. Buna baxmayaraq, "Zirə" oyuna çox fəal başladı. İlk dəqiqələrdə tətbiq etdikləri aqressiv pressinq sayəsində rəqibi səhvə məcbur etdilər və hesabı açmağa nail oldular.
Lakin bundan sonra oyunda fərdi ustalıq amili ön plana çıxdı. Mənim fikrimcə, "Sabah"ın futbolçuları texniki imkanları və birəbir epizodlardakı üstünlükləri ilə rəqiblərini üstələməyi bacardılar. Xüsusilə hücum xəttində çıxış edən oyunçular "Zirə"nin müdafiəsini tez-tez çətin vəziyyətə salaraq təhlükəli epizodlar yaratdılar. Bunun nəticəsində də "Sabah" iki qol vuraraq 2:1 hesablı, tamamilə layiqli qələbə qazandı və kubokun sahibi oldu.
Vurulan qollara nəzər saldıqda, onların əsl final qarşılaşmasına yaraşan yüksək səviyyəli qollar olduğunu demək olar. "Zirə"nin qapıçısı matç boyunca kifayət qədər inamlı çıxış etdi və komandasını bir neçə dəfə xilas etdi. Bu səbəbdən buraxılan qollarda onu günahlandırmaq düzgün olmazdı. Çünki hər iki qol futbolçuların yüksək fərdi ustalığının nəticəsi idi".
A.Kərimov onu da qeyd edib ki, ümumilikdə, "Sabah" həm Azərbaycan Premyer Liqasında, həm də kubok yarışında mövsümün ən sabit və keyfiyyətli oyununu nümayiş etdirən komandalardan biri oldu. "Uzun marafon xarakteri daşıyan çempionatda "Qarabağ", "Neftçi" və "Zirə" kimi güclü rəqibləri geridə qoymaq, onların bu uğurunun təsadüfi olmadığını göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan futbolunda dominantlıq edən "Qarabağ" bu mövsüm Sabah üzərində üstünlük qazana bilmədi. Bu fakt da "Sabah"ın həm çempionatda, həm də kubokda əldə etdiyi nəticələrin nə qədər haqq edilmiş olduğunu göstərir.
Beləliklə, "Sabah" bu mövsüm sərgilədiyi oyunla həm Premyer Liqa çempionluğunu, həm də Azərbaycan Kubokunu qazanmağa tam layiq olduğunu sübut etdi"
İndi isə komanda UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək. "Sabah"ın UEFA reytinqi yüksək olmadığından, püşkatmada daha güclü rəqiblərlə üz-üzə gəlmək ehtimalı böyükdür. Buna baxmayaraq, komandanın Avropa arenasında da layiqli çıxış edərək ən azı UEFA Avropa Liqası və ya digər qrup mərhələlərindən birinə vəsiqə qazanacağına ümid etmək olar. Çünki onlar daxili yarışlarda bunu bacara biləcək potensiala sahib olduqlarını artıq nümayiş etdiriblər.
Fəxriyyə Adil