- Müsahibə
- 21:55 04.06.2026
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz", UEFA tərəfindən 2026/2027-ci illər mövsümü üzrə Avropa yarışlarından kənarlaşdırıldı.
UEFA İntizam Komitəsi klubun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırıb. Həmin qərarda 2019/2020-ci illər mövsümündə I Divizionda çıxış edən klubun 7 futbolçusuna danışılmış oyunlara görə futbolla bağlı bütün növ fəaliyyətlər qadağan edilmişdi.
Klub bu qərara etirazını bildirərək açıqlama etdi: "UEFA-nın bu qərarının dəyişdirilməsi, bütün idman prinsiplərinin qorunması və vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bütün hüquqi addımlar atılacaq və CAS-a rəsmi müraciət olunacaq".
Klubun vitse-prezidenti Nəsimi Paşayev 90deqiqe.Az-a verdiyi açıqlamada bildirib: "Turan Tovuz" artıq CAS-a müraciət ünvanlayıb. Əlavə olaraq heç bir yenilik yoxdur".
Qeyd edək ki, CAS — idman arbitrajı sahəsində ən yüksək beynəlxalq qurumdur və onun qərarları mübahisəsiz icra olunur.
Fəxriyyə Adil