- Müsahibə
- 22:02 11.06.2026
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada növbəti böyük zəfər qazandı. Millimiz "Tipos Arena"da keçirilən final matçında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edərək Avropa çempionu adını təkrar qorudu.
Qeyd edək ki, komandamız 2025-ci ildə də Avropa çempionu olmuşdu. Bu qələbə ilə Azərbaycan millisi ardıcıl iki ildə qitə çempionluğunu qoruyaraq minifutbolda davamlı uğurun simvoluna çevrildi.
Mövzu barədə Azərbaycan minifutbol yığmasının baş məşqçisi Elşad Quliyev 90deqiqe.Az saytına danışıb:
Ardıcıl iki Avropa çempionu olmaq, son dünya çempionu olaraq bu çempionatda uğurlu çıxış etmək çox önəmli idi. "Sevindirici haldır ki, Azərbaycan xalqına bu sevinci yenidən yaşada bildik. 2025-ci ildəki dünya çempionluğu ilə müqayisədə deyə bilərəm ki, bu dəfəki çempionatda hər kəs bizə qarşı daha ciddi hazırlaşmışdı. Biz də bunun fərqində idik və buna uyğun hazırlıq prosesi keçmişdik.
Ukraynaya qədər də çox iddialı komandalarla oynadıq, çətin oyunlar idi. Baş məşqçi olaraq komandanı bu cür aqressiv, gərgin oyunlara hazırlamışdım. Futbolçular da verilən tapşırıqları qüsursuz yerinə yetirdilər.
Final çox gərgin keçdi. Amma oyun planından çıxmadıq, oyundan qopmadıq, oyunu öz istədiyimiz kimi yönləndirdik. Çox şükür, qalib gəldik. İki dəfə Avropa çempionu olmaq bizim üçün çox önəmlidir, çünki uğuru təkrarlamaq heç bir şeyin təsadüf olmadığının faktiki sübutudur. Çəkilən əziyyət, plan-proqrama sadiq olmaq bizi uğura aparır.
Hər bir uğurun əslində öz töhfəsi olur. Gənclərin futbola, ümumilikdə idmanın hər bir növünə maraq göstərməsi çox vacibdir — bu barədə daha uzun danışmaq olar. Ümid edirəm ki, Azərbaycan futbolu daha da inkişaf edər.
Elşad Quliyev son olaraq qeyd etdi ki, "Növbəti hədəfimiz eyni ciddi yanaşma ilə dünya çempionatına hazırlaşmaq və yenidən uğur qazanmaqdır."
Fəxriyyə Adil