- Müsahibə
- 23:19 18.06.2026
ABŞ-da keçirilən dünya çempionatı bu dəfə həm yeni formatı, həm də ilk turlarda qeydə alınan gözlənilməz nəticələrlə diqqət mərkəzindədir. Turnirdə ilk dəfə 48 komanda mübarizə aparır ki, bu da futbol ictimaiyyətində müxtəlif müzakirələrə səbəb olub. Eyni zamanda, bəzi Avropa nəhənglərinin gözlənilən səviyyədə çıxış etməməsi və autsayder sayılan komandaların uğurlu nəticələr qazanması mundialın daha rəqabətli keçəcəyinə dair fikirləri gücləndirib.
Mövzu ilə bağlı idman icmalçısı Rasim Mövsümzadə 90deqiqe.Az saytına fikirlərini bildirib:
"Komandaların sayının 48-ə çatdırılması və turnir ərzində keçiriləcək oyun sayının 100-ü aşması, şübhəsiz ki, dünya çempionatını adiləşdirir, neytral azarkeşlər üçün cəlbedici olmayan qarşılaşmaların artmasına gətirib çıxarır. Mən 24 iştirakçılı mundialın (1982-1994) daha maraqlı keçdiyini düşünənlərdənəm. Ancaq reallıq ondan ibarətdir ki, bu qərardan geri dönüş artıq mümkün görünmür. Üstəlik, iştirakçı sayının gələcəkdə daha da artırılması ilə bağlı ideyalar da gündəmə gətirilir. Görünür, futbolun qlobal miqyasda daha geniş auditoriyanı əhatə etməsi və kommersiya maraqları bu tendensiyanın davam etməsini şərtləndirən əsas amillərdən olacaq".
O həmçinin bildirib ki, Avropa təmsilçilərindən yalnız qitə çempionu İspaniyanın debütant Kabo-Verde ilə oyunda xal itirməsini (0:0) gözlənilməz saymaq olar. "Amma son mundiallara baxsaq, 2010 və 2022-ci illərdə ilk turlarda məğlub olan İspaniya və Argentinanın turnirin yekununda dünya çempionu titulunu qazandıqlarını görmüşük. Bu baxımdan, bəzi yığmaların hazırkı çıxışını onların real potensialının göstəricisi kimi qəbul etmək mümkündürsə, İspaniya barədə qəti nəticəyə gəlmək hələ tezdir. Turnir uzun marafondur və favoritlər çox vaxt məhz sonrakı mərhələlərdə əsl güclərini ortaya qoyurlar".
"DÇ-2022-ni dördüncü pillədə başa vuran Mərakeş millisinin bu mundialdakı çıxışı da müsbət təəssürat yaradır. Komandanın Braziliya kimi güclü rəqibə «göz açmağa» imkan verməməsi Afrika təmsilçisinin turnirdəki perspektivinə ümidlə bağlamağa əsas verir.
Ön xəttində Erlinq Haaland və Aleksander Sörlot kimi yüksək səviyyəli futbolçulara sahib olan Norveç də sürpriz edə biləcək komanda kimi görünür.
Rəqib qapısına 30 zərbə endirərək ilk turda bu göstəricidə lider olan, lakin avstraliyalıları məyus edə bilməyən Türkiyə millisinin real gücünü və hücum potensialını isə Paraqvayla keçiriləcək növbəti görüşdə daha aydın qiymətləndirmək mümkün olacaq".
Fəxriyyə Adil