- Müsahibə
- 18:53 19.06.2026
“Səbail”in yeni prezidenti Mirzə Bayrampur 90deqiqe.Az saytına klubun qarşıdakı mövsümlə bağlı planlarından danışıb.
Klub rəhbərinin sözlərinə görə, əsas məqsəd komandanın I Liqada uğurlu çıxış edərək yenidən Premyer Liqaya vəsiqə qazanmasıdır:
"Əsas hədəfimiz komandanın çempion olaraq Premyer Liqaya qayıtması və əvvəlki mövqeyini bərpa etməsidir. Buna görə də liqada uğur qazana biləcək güclü kollektiv formalaşdırmağı planlaşdırırıq.
Komandanın yeni baş məşqçisi idə Elnur Abdullayev olacaq. Yaxın zamanda ictimaiyyətə rəsmi şəkildə təqdim olunacaq. Artıq komanda quruculuğu istiqamətində işlərə başlamışıq. Heyətə təcrübəli futbolçuların, o cümlədən legionerlərin cəlb olunması üzərində çalışırıq.
Məqsədimiz Premyer Liqaya yüksələ biləcək səviyyədə güclü komanda formalaşdırmaqdır. Hədəfimiz bu mövsüm çempion olmaq və Premyer Liqaya vəsiqə qazanmaqdır.
Hazırda bütün mövqelər üzrə futbolçu axtarışları aparılır. Həm Premyer Liqadan, həm də xaricdən keyfiyyətli oyunçuların transferini planlaşdırırıq. Yaxın günlərdə bəzi transferlər barədə ictimaiyyətə məlumat veriləcək."
Mirzə Bayrampur yeni baş məşqçi seçiminə də aydınlıq gətirib:
"Elnur Abdullayev özünü həm futbolçu, həm də məşqçi kimi təsdiqləmiş mütəxəssisdir. O, 'Şahdağ Qusar'ı məğlubiyyətsiz çempion edib. Ötən mövsüm də məhdud büdcəyə baxmayaraq uğurlu nəticələr qazanıb və ən çox xal toplayan baş məşqçilərdən biri olub. Təcrübəsi, peşəkarlığı və yüksək insani keyfiyyətləri onun seçilməsində əsas rol oynadı. Buna görə də komandanı ona etibar etmək qərarına gəldik."
Klub prezidenti bildirib ki, qarşıdakı dövrdə komandanın gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək:
"Nəticə əldə etmək üçün bütün zəruri addımlar atılacaq. Transferlər davam edəcək. Eyni zamanda, klubun fəaliyyəti və yeniliklər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq. Bunun üçün yaxın vaxtlarda mətbuat konfransı da keçiriləcək."
Fəxriyyə Adil