24 iyun 2026. Çərşənbə

Düzgün seçilmiş strategiya öz bəhrəsini verdi - AÇIQLAMA - FOTOLAR


Düzgün seçilmiş strategiya öz bəhrəsini verdi   - AÇIQLAMA - FOTOLAR

Azərbaycan kamandan oxatma tarixində əlamətdar uğura imza atılıb. Türkiyənin Antalya şəhərində keçirilən Açıq havada Avropa Çempionatında mübarizə aparan Məhəmmədəli Əliyev 88 iştirakçı arasında 659 xal toplayaraq 29-cu yeri tutub və 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunlarına vəsiqə qazanıb. Bu nəticə Azərbaycan kamandan oxatma tarixində kişi idmançılar arasında Avropa Oyunlarına qazanılan ilk kvota kimi yadda qalıb. Əldə olunan uğur həm də idmançımızın 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına aparan yolda mühüm addım hesab olunur.

Tarixi nailiyyətlə bağlı Məhəmmədəli Əliyev 90deqiqe.Az saytına açıqlama verib.

"Azərbaycan kamandan oxatma tarixində kişilər arasında ilk Avropa Oyunlarına lisenziya qazanmaq mənim üçün çox qürurverici bir hissdir. Bu hadisəyə görə çox xoşbəxtəm. Bu nailiyyətə doğru uzun müddətdir ki, addım-addım irəliləyirdik. Məşqçilərin verdiyi məşq planına əsasən, həmçinin Gənclər və İdman Nazirliyinin və Federasiyanın dəstəyi ilə hər şey mümkün oldu.

Antalyada keçirilən Avropa çempionatına uzun müddət hazırlaşmışdıq. Yarışdan əvvəl iki aylıq təlim-məşq toplanışımız olmuşdu. Yarışın əvvəlində hər şey çox yaxşı gedirdi, planlaşdırdığımız kimi. Lakin bir seriyanın gedişatında kiçik bir çətinlik yarandı. Allaha şükür ki, həmin anı uğurla aşdım. Uğurumu düzgün seçilmiş strategiya ilə əlaqələndirirəm — o strategiya öz bəhrəsini verdi."

M.Əliyev qeyd edib ki, "Avropa Oyunlarına qədərki hazırlıq prosesində əsas hədəflərim dünya kubokalarında yüksək nəticə göstərərək medal qazanmaq, təlim-məşq toplanışlarına xüsusi diqqət yetirmək və məşqçilərin verdiyi fərdi və ümumi məşq planlarına ciddi şəkildə riayət etməkdir. Böyük, kiçik və ya lokal — hər turnirdə qalib gəlmək və daha hazırlıqlı olmaq məqsəd qoyuram. Bu, artıq çox məsuliyyətli bir hissdir. Avropa Oyunlarından layiqincə çıxış edərək qızıl medal qazanmaq lazımdır; üstəlik, bu, bizi Olimpiadaya aparan bir mərhələdir."

Son olaraq qeyd edim ki, "Avropa Oyunları bizi Olimpiadaya yaxınlaşdıran bir mərhələdir. Məqsədim hər yarışda birinci yeri tutmaq, qalib gəlməkdir. İnşallah, Olimpiadaya təkcə iştirakçı kimi yox, qızıl medalla vətənə qayıdacam."

Fəxriyyə Adil







Müsahibə

"Səbail" də yeni baş məşqçi
  • Müsahibə
  • 23:19 18.06.2026
"Səbail" də yeni baş məşqçi