25 iyun 2026. Cümə axşamı

"Qarabağ" bu mərhələni çox rahat keçməlidir - AÇIQLAMA


"Qarabağ" bu mərhələni çox rahat keçməlidir  - AÇIQLAMA

UEFA Avropa Liqasının 2026/2027-ci illər mövsümünün I təsnifat mərhələsinin püşkatmasında "Qarabağ"ın rəqibi İslandiyanın "Vestri" klubu oldu. Ağdam təmsilçisi ilk oyununu evdə keçirəcək, qarşılaşmalar iyulun 9-da və 16-da baş tutacaq.  

"Vestri" İslandiya l liqasında çıxış edən, UEFA səhnəsində o qədər də tanınmayan bir klub olsada, baş məşqçi Qurban Qurbanov futbolçularına xəbərdarlıq edib: "Futbol o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur."  

Transfer bazarında isə "Qarabağ" bu yay Zakaria Savo, Jali Muaddib, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomişliç kimi 5 legioner cəlb edib.

Yeni transferlərin avrokuboklar üçün nə dərəcədə hazır olacağı isə açıq sual olaraq qalır.

"Qarabağ" yeni transferlər olmasa belə, komanda hazırkı heyəti ilə “Vestri”ni rahatlıqla üstələyə bilər".

Bu sözləri idman jurnalisti Kənan Məstəliyev 90deqiqe.Az-a "Qarabağ"ın püşkatmada rəqibi olan "Vestr"ni dəyərləndirərkən deyib. K.Məstəliyev “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri arasında, xüsusilə də birinci təsnifat mərhələsindəki rəqibi “Vestri”nin çox zəif komanda olduğunu söyləyib:

"Mən düşünürəm ki, bu yay Avrokuboklarda – istər Avropa Liqasında, istər Konfrans Liqasında, istərsə də Çempionlar Liqasında iştirak edən komandalar arasında bəlkə də ən zəiflərindən biridir. Bundan daha zəif rəqibi təsəvvür etmək çətindir. Ona görə də “Qarabağ”ın püşk baxımından çox rahat rəqibə düşdüyünü düşünürəm.

“Vestri” İslandiya çempionatında orta sıralarda qərarlaşan komandadır. Hazırda 37 xal toplamış kollektivdir. Keçən ilin avqustunda ölkə kubokunu qazandığı üçün Avropa Liqasına vəsiqə əldə edib. Bu, onlar üçün yaxşı nəticədir. Bununla belə, “Qarabağ” bu mərhələni çox rahat keçməlidir. Hətta yeni transferlər olmasa belə, komanda hazırkı heyəti ilə “Vestri”ni rahatlıqla üstələyə bilər. Bu məsələnin ciddi müzakirə mövzusu olduğunu düşünmürəm".

K.Məstəliyev "Qarabağ"ın yeni transferlərindən də danışıb:

“Qarabağ” transfer bazarında çox aktivdir. Klub yaxşı futbolçular heyətə cəlb edir və komandanın qurulması istiqamətində işlər aparılır. Heyətdə dəyişikliklər baş verir, gedən futbolçuların yerinə yeni oyunçular gətirilir. Bəli, ayrılanlar arasında keyfiyyətli futbolçular da var, amma bu proses qaçılmazdır. Komanda yenilənməli və dəyişikliklərə getməlidir. Çünki heyətdə yaşlı və motivasiyasını itirmiş futbolçular var idi. Onlar ayrılmalı, yerlərinə isə yeni oyunçular gəlməli idi ki, komandada qan dəyişikliyi baş versin və daha rəqabətli, daha güclü kollektiv formalaşsın.

Düşünürəm ki, Avrokubokların ilkin mərhələlərində bu dəyişikliklər komandanın qarşısında ciddi maneə yaratmayacaq. Əksinə, yeni futbolçuların adaptasiya prosesi keçməsi üçün əlavə imkan yaradacaq və onlar qısa müddətdə komandaya uyğunlaşa biləcəklər.

Ümumilikdə isə transferlərin nə dərəcədə uğurlu olduğunu avqust-sentyabr aylarından sonra daha dəqiq qiymətləndirmək mümkün olacaq. Çünki hər hansı futbolçunun və ya transfer siyasətinin keyfiyyəti barədə bir-iki oyuna əsasən fikir bildirmək düzgün deyil.

“Qarabağ” təcrübəli komandadır. Klub uzun illərdir Avrokuboklarda çıxış edir və sisteminə uyğun futbolçular seçərək transfer etməyi bacarır. Mən inanıram ki, “Qarabağ” qarşıdakı mövsümdə də Avrokuboklardakı uğurları ilə azarkeşləri sevindirə biləcək".

Fəxriyyə Adil







Müsahibə

"Səbail" də yeni baş məşqçi
  • Müsahibə
  • 23:19 18.06.2026
"Səbail" də yeni baş məşqçi