22 iyul 2026. Çərşənbə

"Kamandan oxatma üzrə media turnirini ənənəyə çevirmək istəyirik"


"Kamandan oxatma üzrə media turnirini ənənəyə çevirmək istəyirik"

Azərbaycan Kamandan Oxatma Federasiyası media nümayəndələri arasında keçirilən kamandan oxatma yarışının gələcəkdə də təşkil olunacağını açıqlayıb.

Bunu federasiyanın mətbuat katibi Aynur Hüseynova 90deqiqe.Az-a açıqlamasında deyib.

O bildirib ki, 22 İyul – Milli Mətbuat Gününə həsr olunan turnirin əsas məqsədi idman jurnalistləri arasında kamandan oxatmanın təbliği və media ilə əməkdaşlığın daha da gücləndirilməsi olub.

"Bu yarış idman jurnalistləri arasında kamandan oxatmanın təbliği və media ilə əməkdaşlığımızın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk dəfə təşkil olunmasına baxmayaraq, 17 fərqli media qurumundan 27 jurnalistin iştirak etməsi bu idman növünə olan böyük marağın bariz göstəricisidir", – deyə Aynur Hüseynova bildirib.

Federasiya rəsmisinin sözlərinə görə, yarış iştirakçılarının nümayiş etdirdiyi performans da yüksək qiymətləndirilib.

"Turnir boyunca jurnalistlərimizin nümayiş etdirdiyi səbir, konsentrasiya və dəqiqlik peşəkar idmançılardan geri qalmayan maraqlı mübarizə yaratdı. Qalibləri və yarışda fəal iştirak edən bütün media nümayəndələrini təbrik edir, onlara peşəkar fəaliyyətlərində yeni uğurlar arzulayırıq", – deyə o vurğulayıb.

A.Hüseynova əlavə edib ki, Azərbaycan Kamandan Oxatma Federasiyası media nümayəndələri üçün bu formatda yarışların keçirilməsini davam etdirməyi planlaşdırır.

"Media nümayəndələri üçün belə kütləvi və maraqlı tədbirləri gələcəkdə də ənənə halına gətirməyi nəzərdə tuturuq", – deyə federasiyanın mətbuat katibi əlavə edib.







Müsahibə

"Səbail" də yeni baş məşqçi
  • Müsahibə
  • 23:19 18.06.2026
"Səbail" də yeni baş məşqçi