- Müsahibə
- 22:05 24.09.2026
"Xankəndi" FK fəaliyyətini daha da genişləndirməyə hazırlaşır. Klubun Xankəndiyə qayıdışı, ev oyunlarını burada keçirmək planları və şəhər stadionunda aparılan təmir işləri qarşıdakı dövr üçün yeni imkanlar yaradır. Bununla yanaşı, klubun qarşısına qoyduğu hədəflər, inkişaf strategiyası və bölgədə futbolun inkişafına verə biləcəyi töhfə də maraq doğurur.
Mövzu barədə "Xankəndi" FK-nın mətbuat katibi Günel Abbasın 90deqiqe.Az saytına müsahibəsini təqdim edirik:
"Xankəndi" FK-nın qarşısına qoyduğu əsas məqsədlər və uzunmüddətli hədəfləri nələrdir? Klub qarşıya qoyduğu məqsədlərə çatmaq üçün hazırda hansı addımları atır və hansı istiqamətlərə daha çox diqqət yetirir?
“Xankəndi” FK-nın əsas məqsədi Xankəndi şəhərində futbol ənənələrinin daha da inkişaf etdirilməsi, şəhərin idman həyatının canlandırılması və futbolu gənclər üçün daha əlçatan və cəlbedici istiqamətə çevirməkdir. Uzunmüddətli perspektivdə klubun hədəflərindən biri dayanıqlı futbol sistemi formalaşdırmaq, yerli futbolçuların yetişdirilməsinə şərait yaratmaq və rəqabətədavamlı komanda qurmaqdır.
Bu istiqamətdə hazırda klubun həm idman, həm də təşkilati potensialının gücləndirilməsi üçün işlər aparılır. Komandanın oyun səviyyəsinin yüksəldilməsi ilə yanaşı, infrastrukturun inkişafı, azarkeş mədəniyyətinin formalaşdırılması, gənclərlə iş və futbol akademiyasının yaradılması diqqət yetirilən əsas istiqamətlər sırasındadır.
"Xankəndi" FK-nın Xankəndi şəhərinə qayıtması klubun gələcək inkişaf strategiyasına necə təsir edəcək?
"Xankəndi" FK-nın doğma şəhərinə qayıtması klubun inkişaf strategiyasında mühüm mərhələdir. Klubun ev oyunlarını Xankəndidə keçirməsi komandanın şəhərlə əlaqəsini daha da gücləndirəcək, azarkeşlərlə birbaşa ünsiyyət üçün yeni imkanlar yaradacaq və Xankəndidə futbol mühitinin formalaşmasına əlavə stimul verəcək.
Xankəndi şəhər stadionunun istifadəyə hazırlanması ilə klubun öz evində azarkeşlərinin qarşısına çıxması nəzərdə tutulur. Bu, eyni zamanda, şəhərdə uşaqların və gənclərin futbol oyunlarına marağının artırılmasına, yeni azarkeş nəslinin formalaşmasına və Xankəndinin futbol həyatının davamlı şəkildə inkişafına töhfə verəcək.
Bölgədə gənclərin futbola marağının artırılması və yeni futbolçuların yetişdirilməsi istiqamətində klubun hansı planları var?
Klub bu istiqaməti fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Hazırda "Xankəndi" FK-nın futbol akademiyasının yaradılması istiqamətində işlər aparılır. Akademiyanın əsas məqsədi uşaqların və yeniyetmələrin futbola sistemli şəkildə cəlb edilməsi, onların ilkin futbol hazırlığının təmin olunması və perspektivli oyunçuların üzə çıxarılmasına şərait yaradılmasıdır.
Gələcəkdə akademiyanın Xankəndi və ətraf bölgələrdən olan uşaqlar üçün futbol imkanlarının genişləndirilməsində mühüm rol oynaması, klubun əsas komandasını da yerli və gənc futbolçularla gücləndirən dayanıqlı sistemin formalaşdırılmasına xidmət etməsi nəzərdə tutulur.
Klubun infrastrukturunun və futbol akademiyasının inkişafı ilə bağlı layihələr nəzərdə tutulurmu?
"Xankəndi" FK-nın uzunmüddətli inkişaf strategiyasında həm futbol infrastrukturunun, həm də akademiyanın mərhələli şəkildə inkişaf etdirilməsi mühüm yer tutur. Klubun fəaliyyət göstərdiyi Xankəndi şəhər stadionunun müasir standartlara uyğunlaşdırılması bu istiqamətdə atılan əsas addımlardandır.
Növbəti mərhələlərdə məşq və hazırlıq imkanlarının genişləndirilməsi, gənc futbolçular üçün daha əlverişli şəraitin yaradılması və akademiyanın fəaliyyətinin sistemli şəkildə qurulması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Əsas məqsəd yalnız bu günün komandasını formalaşdırmaq deyil, eyni zamanda Xankəndidə gələcək futbolçuların yetişəcəyi, uşaqların futbola başlayacağı və şəhərin futbol ənənələrinin yeni nəsillərə ötürüləcəyi davamlı futbol mühiti yaratmaqdır.
Fəxriyyə Adil
