26 sentyabr 2026. Şənbə

Əsas hədəfimiz peşəkar liqada təmsil olunmaqdır - AÇIQLAMA - FOTOLAR


Əsas hədəfimiz peşəkar liqada təmsil olunmaqdır  - AÇIQLAMA - FOTOLAR

Uzun illərdir fəaliyyət göstərən "Ələt" Futbol Klubu bu müddət ərzində əsas diqqətini uşaq futbolunun inkişafına yönəldib. Klub yeni mövsümdə tarixində ilk dəfə Region Liqasında mübarizə aparacaq.

“Ələt” FK-nın təsisçisi Ayaz Məmmədzadə klubun Region Liqasında iştirakı və qarşıya qoyulan hədəflərlə bağlı 90deqiqe.Az-a açıqlama verib.

O bildirib ki, klub uzun illərdir fəaliyyət göstərir və bu müddət ərzində əsas diqqət uşaq futbolunun inkişafına yönəldilib. Böyük yaş qrupunda komandanın müxtəlif dövrlərdə həvəskar liqada iştirak etdiyini deyən A.Məmmədzadə müəyyən müddət bu istiqamətdə fəaliyyətə fasilə verildiyini qeyd edib.

Onun sözlərinə görə, 2025-2026-cı illər mövsümündə yenidən həvəskar liqada iştirak etməkdə əsas məqsəd böyük yaş qrupunda komandanın hazırkı səviyyəsini müəyyənləşdirmək və Region Liqasına hazırlıq baxımından özünü sınamaq olub.

Klub rəhbəri liqa öncəsi keçirilən sınaq və yoldaşlıq oyunlarının komandanın güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, həvəskar liqada Ağcabədi komandası ilə qarşılaşmada məğlub olsalar da, həmin görüşdən müəyyən nəticələr çıxardıqlarını bildirib:

“Əsas məqsədimiz keçirdiyimiz oyunlar vasitəsilə komandanın çatışmazlıqlarını müəyyənləşdirmək və Region Liqasına daha hazırlıqlı şəkildə qatılmaq idi”.

A.Məmmədzadə qeyd edib ki, cari mövsüm Ələt FK tarixində ilk dəfə Region Liqasında iştirak edəcək. Onun sözlərinə görə, komandanın formalaşdırılması, futbolçuların seçimi və hazırlıq prosesi ilə bağlı müəyyən işlər görülüb. Hazırda futbolçuların Region Liqasında iştirak üçün qeydiyyat prosesi aparılır, komanda isə təlim-məşq prosesinə cəlb olunub.

“Ələt” FK-nın təsisçisi əsas məqsədlərinin Region Liqasında özünü göstərə bilən və yadda qalan komandaya çevrilmək olduğunu bildirib.

A.Məmmədzadə klubun uzunmüddətli hədəflərinə də toxunub. O, "Ələt" FK-nın gələcəkdə peşəkar liqalarda iştirak edən komandaya çevrilməsinin əsas məqsədlərdən biri olduğunu diqqətə çatdırıb.

“Region Liqasında iştirak bizim üçün sadəcə bir yarış deyil, həm də qarşıya qoyduğumuz uzunmüddətli məqsədə gedən yolda mühüm mərhələdir. İstəyirik ki, həm uşaq futbolunda, həm də böyük yaş qrupunda davamlı sistem formalaşdıraq. Əsas hədəfimiz Ələt Futbol Klubunun gələcəkdə peşəkar liqada təmsil olunmasıdır. Hesab edirəm ki, Region Liqasında iştirak bu istiqamətdə vacib və zəruri addımlardan biridir”, – deyə o əlavə edib.

Fəxriyyə Adil







Müsahibə

"Səbail" də yeni baş məşqçi
  • Müsahibə
  • 23:19 18.06.2026
"Səbail" də yeni baş məşqçi