- Müsahibə
- 21:45 06.11.2026
İdman karyerasında beynəlxalq arenada mühüm uğurlara imza atan, Avropa və dünya çempionu olan həmsöhbətimiz Vətən müharibəsində də iştirak edib. İdman zalından cəbhəyə uzanan həyat yolunda həm çətinliklərlə üzləşib, həm də ağır yaralanmasına baxmayaraq mübarizəsini davam etdirib.
Güləş ustası Qalib Əliyev idman karyerası, Vətən müharibəsində iştirakı və həyat yolu barədə 90deqiqe.Az-a danışıb. Müsahibəni təqdim edirik.
Güləş idmanına marağınız necə yaranıb? İdman karyeranız hansı uğurlarla yadda qalıb?
İdmana başladığım ilk vaxtlardan güləşi öz idman karyeram hesab etmişəm. Bu idman növü həyatımın mühüm bir hissəsinə çevrilib və formalaşmağımda böyük rol oynayıb.
Peşəkar idmanla məşğul olduğunuz dövrdə sizin üçün ən yaddaqalan yarış və qələbə hansı olub?
İdman karyeram ərzində bir sıra uğurlara imza atmışam. Ən yüksək nailiyyətlərim Gənclər arasında Avropa çempionatında qızıl medal, həmçinin böyüklər arasında Hərbçilərin Dünya Çempionatında qızıl medal qazanmağımdır. Bu nəticələr mənim üçün xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsi başlayanda cəbhəyə yollanmaq qərarını necə verdiniz? Həmin dövrü necə xatırlayırsınız?
Müharibəyə çağırışçı kimi getmişəm, lakin bu, mənim könüllü qərarım olub. Vətən qarşısında borcumu yerinə yetirməyi özümə mənəvi məsuliyyət hesab etmişəm.
İdmançı kimi qazandığınız fiziki və psixoloji hazırlığın müharibə zamanı sizə köməyi oldumu?
Həm idman ustası, həm də ali təhsilli olduğum üçün hər zaman dəyər görmüşəm. İdman sahəsində qazandığım nailiyyətlər və təhsilim mənə bu istiqamətdə müəyyən üstünlüklər qazandırıb.
Müharibə dövründə yaddaşınızda xüsusi iz buraxan, bu gün də xatırladığınız bir hadisə varmı?
Müharibə zamanı üç dəfə yaralanmağıma baxmayaraq, sağ qalmağı bacarmışam. Xocavəndin girişində mühasirədə olarkən əl qumbarasının partlaması nəticəsində yaralanmışam. İki qəlpə bədənimə dəyib: biri gözümün altındakı almacıq sümüyünə, digəri isə çənəmin altına.
Müharibədən sonra həyatınızda hansı dəyişikliklər baş verdi? İdman fəaliyyətinizi dayandırmaq qərarını verməyinizə nə səbəb oldu?
Müharibədən əvvəl idman karyeramı dayandırmışdım. Həmin dövrdə idman müəllimi kimi Aformutam idman məktəbində fəaliyyət göstərirdim. Artıq peşəkar idmançı kimi deyil, pedaqoji fəaliyyətlə məşğul olurdum.
Güləş illərindən qazandığınız hansı xüsusiyyətlər bu gün də həyatınızda sizə kömək edir?
Hesab edirəm ki, ölkədə mənim kimi yüksək idman nailiyyətləri olan və müharibəyə qatılan idmançı yoxdur. Bu baxımdan həm idman karyeram, həm də Vətən müharibəsində iştirakım mənim üçün xüsusi əhəmiyyət daşıyır.
İdmançı və müharibə iştirakçısı kimi gənc nəslə hansı mesajı vermək istərdiniz?
Əksər insanlar sağlam bədəndə sağlam ruh prinsipinə əsaslanaraq idmanla məşğul olurlar. Peşəkar idmana yönəlmək üçün isə cəsarətli olmaq lazımdır. Bununla yanaşı, böyük zəhmət, səbir və iradə də tələb olunur.
Geriyə baxdıqda, həyatınızın həm idman, həm də hərb mərhələsində ən çox qürur duyduğunuz məqam hansıdır?
Həyatda hər zaman qürurlu yaşamışam. Bizdə qürur həmişə özümüzdən öndə gedir. Bu, həyatımın və düşüncə tərzimin əsas prinsiplərindən biridir.
Fəxriyyə Adil