9 noyabr 2026. Bazar ertəsi

Həm idmançı, həm döyüşçü: Zəfərin qəhrəmanlarının hekayəsi - MÜSAHİBƏ


Həm idmançı, həm döyüşçü: Zəfərin qəhrəmanlarının hekayəsi  - MÜSAHİBƏ

44 günlük Vətən müharibəsindən artıq 6 il ötməsinə baxmayaraq, həmin günlərdə yaşananlar hələ də yaddaşımızda öz izini qoruyur. Nə qədər ki, Azərbaycan və Azərbaycan xalqı var, şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq.

Biz də 90deqiqe.Az saytı olaraq Vətən müharibəsində iştirak etmiş idmançılarımızın müharibədən əvvəlki idman fəaliyyəti, müharibədə iştirakı və müharibədən sonrakı fəaliyyətləri barədə fikirlərini öyrənməyə çalışdıq. Onların açıqlamalarını təqdim edirik.

44 günlük Vətən müharibəsinin iştirakçısı, hərbi rəhbər və karate üzrə baş məşqçi Samir Ələkbərov:

Mənim idmana marağım uşaqlıq illərindən başlayıb.İlk dəfə altı yaşımda Qazax rayonunda güləşlə məşğul olmuşam,  11-12 yaşlarımda, Birinci Qarabağ müharibəsi dövründə  Ağstafada karate ilə tanış olmuşam. İlk müəllimim Niyazi Səmirli olub. O, həmin dövrdə hərbçi idi və döyüşlərdə iştirak edirdi. İmkan tapdıqca hərbi formada məşqlərimizə gəlir, bizə dərs keçdikdən sonra yenidən döyüş bölgəsinə qayıdırdı. Məhz həmin illərdə müəllimimin timsalında məndə vətənə bağlılıq hissi daha da gücləndi. Onu hərbi geyimdə görmək mənim üçün unudulmaz xatirədir.

Ali təhsil almışam. Universiteti bitirdikdən sonra hərbi xidmət zamanı ehtiyat zabit kursunu başa vurub ehtiyata buraxılmışam. 44 günlük Vətən müharibəsi zamanı səfərbərlik əsasında ordu sıralarına çağırılmışam. Döyüş yolum Füzulidən başlayıb. Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə tank əleyhinə bölüyün tağım komandiri olmuşam.

Müharibə ilə bağlı ən yaddaqalan məqamlardan biri torpaqlarımızın günbəgün azad olunması idi. İtkilərimiz, şəhidlərimiz və qazilərimiz olsa da, heç birimizdə ruh düşkünlüyü yaranmırdı. Əksinə, torpaqlarımızı azad etmək və son damla qanımıza qədər mübarizə aparmaq əzmində idik. Şükürlər olsun ki, bu gün torpaqlarımız azaddır. Xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə dəmir yumruq ətrafında birləşməsi və arxa cəbhədə göstərilən dəstək bizi daha da ruhlandırırdı.

Hazırda Azərbaycan Karate Federasiyasının Futokan klubu üzrə Gəncə və Qazax bölgələrinin baş məşqçisiyəm. Eyni zamanda, Ağstafa rayonunda Şəhid Ramiz Mustafayev adına Futokan Karate Mərkəzinin rəhbəri və məşqçisiyəm. Sevindirici haldır ki, yetirmələrimiz arasında dünya və Avropa çempionları, beynəlxalq turnirlərin qalibləri var. Bundan əlavə, Ağstafa rayonunda Fəxri Nağıyev adına tam orta məktəbdə çağırışaqədərki hərbi hazırlıq rəhbəri vəzifəsində çalışıram.

Bugünkü gənclərə tövsiyəm budur: xalqını, dövlətini, millətini və bayrağını sevsinlər, sağlam həyat tərzi keçirsinlər, vətənpərvər ruhda böyüsünlər. Şəhidlərimizi və qazilərimizi tanısınlar, onların ailələrinə hər zaman hörmətlə yanaşsınlar.

Hər bir idmançının qarşısında məqsəd olmalıdır. Əsas hədəflərdən biri beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəltmək və himnimizi səsləndirməkdir. Vətəni sevmək yalnız silahı əlinə alıb döyüşə getmək demək deyil. Vətənə sevgi hər kəsin öz sahəsində vicdanla və məsuliyyətlə çalışmasıdır. İstər təhsil, istər elm, istərsə də idman sahəsində fəaliyyət göstərən hər bir kəs öz vəzifəsini layiqincə yerinə yetirməli, dövlətinə, xalqına və millətinə vicdanla xidmət etməlidir.


Vüsal Zeynalov İkinci Qarabağ müharibəsində Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişdir

2010-cu ildə, orta məktəbin 10-cu sinfində oxuyarkən hərbi hazırlıq müəllimimiz Sədi Namazovun təklifi ilə karate idman növü ilə məşğul olmağa başladım. O, idmanın gələcək həyatımızda fiziki baxımdan bizə böyük kömək edəcəyini qeyd edirdi. Lakin həmin vaxt dərslərin çoxluğu və universitetə hazırlıq səbəbindən idmanla qısa müddət məşğul ola bildim.

Universiteti bitirdikdən sonra, 2015-2016-cı illərdə hərbi xidmətə yollandım. 2016-cı ilin şanlı Aprel döyüşlərində iştirak etdikdən sonra fiziki hazırlığımın yetərli olmadığını düşünərək yenidən idmana qayıtmağı qərara aldım. Hərbi xidməti başa vurduqdan sonra, 2016-cı ildə karatenin Goju-Ryu üslubu üzrə məşqlərə Əməkdar idman xadimi, 8-ci dan qara kəmər sahibi Tanrıverdi Allahverdiyevin rəhbərliyi ilə başladım. Müxtəlif yarışlarda iştirak edərək fərqlənməyə nail oldum.

Vətən müharibəsində iştirakım 2020-ci il sentyabrın 28-də başladı. Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdim. Xocalının Qarabulaq kəndi uğrunda gedən döyüşlərdə isə yaralandım.

Müharibə ilə bağlı yaddaşımda qalan məqamlardan biri işğaldan azad edilmiş kəndə ilk dəfə daxil olarkən keçirdiyimiz qürur hissidir. Şəhidlərimizin ruhu şad idi. Azərbaycan Ordusu uzun müddətdən sonra ilk dəfə qələbə sevincini yaşayırdı.

Müharibədən sonra səhhətimdə yaranan problemlər peşəkar idmanla məşğul olmağıma imkan vermədi. Bununla belə, hörmətli sensei Tanrıverdi müəllimin dəvəti ilə müxtəlif yarışlara fəxri qonaq qismində dəvət olunuram.

Gənclərə tövsiyəm odur ki, idmana yalnız bir məşğuliyyət kimi yanaşmasınlar. Həyat təcrübəm göstərdi ki, fiziki hazırlıqlı olmaq insana müxtəlif çətinliklərin öhdəsindən daha asan gəlməyə kömək edir.

Əkbər Ələsgərov kəşfiyyatçı kimi xidmət etdiyi 44 günlük müharibə ərzində iki dəfə yaralanıb.


Karateyə marağım kiçik yaşlarımdan yaranıb. Özüm bunu xatırlamasam da, valideynlərimin dediklərinə görə, uşaq vaxtı döyüş filmlərinə böyük maraq göstərirmişəm. Televizorda belə filmləri izləyərkən oradakı hərəkətləri təkrarlayırmışam. Hətta ağladığım zamanlarda belə, döyüş filmi olan videokasetə baxanda sakitləşirmişəm. Birinci sinfə getdiyim vaxtlardan valideynlərimdən məni karate məşqlərinə yazdırmağı israrla istəyirdim. Nəhayət, istəyimə çatdım və karate ilə məşğul olmağa başladım.

Lakin izlədiyim filmlərdə gördüyüm döyüş üslubu ilə məşğul olduğum idman növü arasında müəyyən fərqlər hiss edirdim. 2010-cu ildə ailəlikcə Rusiya Federasiyasının Yaroslavl şəhərinə köçdük. Orada Ashihara karate idman növü ilə tanış oldum və bu istiqamətdə fəaliyyətə başladım. Həmin vaxtdan etibarən bu idman növündən ayrılmamışam. Artıq 16 ildir Ashihara karate ilə məşğulam. Ümumilikdə isə 23-24 ilə yaxındır idmanla məşğul oluram.

Vətən müharibəsində iştirakım 2020-ci ildə səfərbərlik elan olunduqdan sonra başladı. Könüllü olaraq səfərbərlik qeydiyyatından keçdim. 18 yaşım tamam olduqdan sonra hərbi xidmətə yollanmış, xüsusi dövlət orqanında xidmət etmişdim. Hərbi xidmətdən bir neçə il keçməsinə baxmayaraq, yenidən hərbçi kimi xidmət etmək və müvafiq kurslardan keçmək istəyirdim. 2020-ci ilin may ayında müraciət etdim, çətin hazırlıq kurslarından keçdim və sentyabrın əvvəlində təyinat alaraq hərbçi kimi xidmətə başladım. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda artıq xidmət başında idim.

Kəşfiyyatçı kimi xidmət etdiyim 44 günlük müharibə ərzində iki dəfə yaralandım. İlk yaralanmam ağır olsa da, döyüş bölgəsini tərk etmək istəmirdim. Xəstəxanada uzun müddət qalmaq və əməliyyat olunmaqdan imtina etdim. Yaralı nahiyəyə yalnız sarğı qoyulduqdan sonra yenidən döyüş bölgəsinə qayıtdım. Bir neçə gün sonra isə təkrar yaralandım. Müharibə həqiqətən də çox ağır və çətin günlərlə yadda qaldı. Lakin biz bir dövlət və millət olaraq hər çətinliyin öhdəsindən gəlməyi bacarırıq.

Həmin günlərdən yaddaşımda ən çox qalan Azərbaycan oğullarının Vətənə, millətə və döyüş yoldaşlarına olan bağlılığıdır. Vətəni və bir-birini qorumaq naminə canlarını belə əsirgəməyən mərd insanları bir arada gördüm. Bu mənzərəni heç vaxt unutmayacağam. Bir komandirimin çox sevdiyim bir sözü var idi: “Yoldaşın yatsın deyə yatmamalısan, yoldaşın yaşasın deyə ölməlisən”.

Bu ifadə kəşfiyyatçıların əsas prinsiplərindən birini əks etdirir. Çünki yanındakı döyüş yoldaşını qoruya bilmirsənsə, Vətənini də qoruya bilməzsən. Bir-birinə dəstək olmaq, yoldaşının canına sahib çıxmaq və çətin anda onun yanında dayanmaq çox vacibdir. Döyüşlərdə bu həmrəyliyin və fədakarlığın ən gözəl nümunələrini gördüm. Bu xatirələr yaddaşımda heç vaxt silinməyəcək xoş və qürurverici iz buraxıb.

Müharibədən sonra idmana qayıtmaq mənim üçün çətin olmadı. Çünki idmanla məşğul olmaq mənim üçün böyük şərəfdir. Vətən və torpaq uğrunda cəbhədə döyüşmək, rinqdə və tatamidə mübarizə aparmaq, Azərbaycan bayrağını yüksəldib himnimizi səsləndirmək böyük fəxrdir. Eyni zamanda, tələbələr yetişdirmək, Vətəninə, millətinə və bayrağına bağlı, qeyrətli, güclü gənclər formalaşdırmaq da mənim üçün xüsusi əhəmiyyət daşıyır. Hərbi xidmətdən və döyüşlərdən sonra idmana qayıtmağımın əsas səbəblərindən biri də Azərbaycanımıza və ordumuza layiqli, şərəfli oğullar yetişdirmək istəyimdir.

Gənc idmançılara tövsiyəm odur ki, heç vaxt təslim olmasınlar. Bu fikri hər zaman tələbələrimə, döyüş yoldaşlarıma və idmançılara da söyləmişəm: “Zəfərə gedən yolda çəkilən əziyyət müqəddəsdir”. Uğur qazanmaq üçün nə qədər çətinliklə qarşılaşsalar da, mübarizədən geri çəkilməsinlər. İnsan əziyyət çəkməyə alışa bilər, lakin bu əziyyəti sevərək çəkdikdə onun bəhrəsini də görür.

İdmançı olmaq, xüsusilə də döyüşçü ruhuna sahib olmaq olduqca çətindir. Hər kəs idmanla məşğul ola bilər, amma hər kəs döyüşçü ola bilməz. Buna görə də gənclərə əsas tövsiyəm əziyyətdən qorxmamaq, məqsədlərinə doğru inamla irəliləmək və heç vaxt təslim olmamaqdır.

Fəxriyyə Adil







Müsahibə