22 noyabr 2026. Bazar günü

“Hədəfimiz yüksək liqalara yüksəlməkdir”


“Hədəfimiz yüksək liqalara yüksəlməkdir”

Region Liqasının III turunda “ƏLƏT FK” səfərdə “Mübariz Binə”ni 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmadan sonra “ƏLƏT FK”nın məşqçisi Cəfər Həşimov 90deqiqe.Az saytına oyunla bağlı fikirlərini bölüşüb.

 

Həşimov bildirib ki, matçın ilk hissəsi gərgin mübarizə şəraitində keçib və komandalar hesabı açmaqda çətinlik çəkiblər. Fasilədən sonra isə edilən dəyişikliklər “ƏLƏT FK”nın oyununa müsbət təsir göstərib, komanda daha yaxşı çıxış edərək qələbə qazanıb.

Baş məşqçi Vahid Balayevin ifasında vurulan qolları xüsusi qeyd edib. Onun sözlərinə görə, futbolçu akrobatik zərbə ilə gözəl qol vurub, daha sonra ikinci dəfə fərqlənərək dubl edib. Həşimov qarşılaşmanın kifayət qədər gərgin keçdiyini, futbolçuların yorulduğunu bildirib. Onun sözlərinə görə, ikinci hissədə komandaların futbolçuları arasında yaranan mübahisə nəticəsində bəzi oyunçular sarı və qırmızı vərəqələrlə cəzalandırılıb.

Komandanın qarşısına qoyulan məqsədlərdən də danışan Həşimov “ƏLƏT FK”nın Region Liqasında uğurlu çıxış etməyi, qəsəbə sakinlərini qələbələri ilə sevindirməyi və daha yüksək liqalara yüksəlməyi hədəflədiyini vurğulayıb:

“İnşallah, məqsədimiz Region Liqasında gözəl iştirak etmək, yaxşı nəticələr qazanmaq, qəsəbə sakinlərimizi sevindirmək və II Liqaya, daha sonra isə I Liqaya yüksəlməkdir. Bundan sonra da daha yüksək yerlərə çıxmaq istəyirik”.

Bu qələbədən sonra xallarını 9-a çatdıran “ƏLƏT FK” növbəti turda Qusarın “Samux” komandası ilə qarşılaşacaq.

Qasım Süleymanov







Müsahibə