22 noyabr 2026. Bazar günü

Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində artıq formalaşmış təcrübəsi var - MÜSAHİBƏ


Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində artıq formalaşmış təcrübəsi var  - MÜSAHİBƏ

2027-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan SportAccord Konvensiyası Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyinin möhkəmləndirilməsi, yerli federasiyaların beynəlxalq əlaqələrinin genişləndirilməsi və ölkəmizin iqtisadi-turizm potensialının tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs bu mötəbər tədbir Azərbaycana hansı imkanları qazandıra bilər?

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Könül Nurullayeva 90deqiqe.Az saytına mövzu ilə bağlı fikirlərini bildirib. Müsahibəni təqdim edirik.

– SportAccord Konvensiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyi və nüfuzu baxımından nə dərəcədə əhəmiyyətlidir?

– Öncə onu qeyd edim ki, SportAccord Konvensiyası dünyanın aparıcı idman təşkilatlarını, beynəlxalq idman federasiyalarını, Olimpiya hərəkatının nümayəndələrini, eləcə də idman sənayesi və biznes dairələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformadır.

Bu, dünyanın idman rəhbərlərinin, federasiya prezidentlərinin, idman menecerlərinin və digər qərarverici şəxslərin görüşərək qlobal idmanın gələcəyini müzakirə etdikləri beynəlxalq forumdur. SportAccord Konvensiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq idman arenasında artan nüfuzunun, təşkilatçılıq potensialının və idman diplomatiyasının mühüm göstəricisidir. Bu tədbirə ev sahibliyi etmək Azərbaycanın qlobal idman siyasətinin müzakirə olunduğu platformalardan biri kimi mövqeyini də gücləndirir.
Azərbaycan son illərdə beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində ciddi təcrübə qazanıb. Bakı Avropa Oyunları, Formula 1 Azərbaycan Qran-prisi, İslam Həmrəyliyi Oyunları və digər mötəbər yarışlar ölkəmizin yüksək təşkilatçılıq imkanlarını nümayiş etdirib. SportAccord kimi beynəlxalq platformanın Bakıda keçirilməsi isə bu təcrübənin yeni mərhələyə yüksəlməsi deməkdir. Burada əsas məqam Azərbaycanın dünya idman ictimaiyyəti ilə birbaşa təmas imkanlarının genişlənməsidir. Bu da ölkəmizin beynəlxalq idman gündəliyinin formalaşmasında iştirak imkanlarını artıracaq.

– Bu mötəbər tədbirin ölkəmizdə təşkili Azərbaycan idmanının inkişafına, yerli federasiyaların və idmançıların beynəlxalq əlaqələrinin genişlənməsinə hansı töhfələri verə bilər?

– SportAccord Konvensiyasının ən mühüm üstünlüklərindən biri onun yaratdığı beynəlxalq əməkdaşlıq mühitidir. Bu platforma yerli idman federasiyalarına dünyanın aparıcı idman qurumları ilə birbaşa əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanı yaradır.

Nəzərə alsaq ki, müasir dövrdə idman idarəçiliyi, idman elmi, rəqəmsal texnologiyalar, antidopinq siyasəti, idman marketinqi və gənclərin idmana cəlb olunması da mühüm əhəmiyyət daşıyır, Konvensiya məhz bu istiqamətlərdə beynəlxalq təcrübənin öyrənilməsi üçün əlverişli platformadır.

Digər mühüm məqam yerli idmançıların beynəlxalq idman mühitinə inteqrasiyasıdır. Federasiyalar arasında əlaqələrin güclənməsi idmançılarımızın beynəlxalq yarışlarda iştirak imkanlarının, hazırlıq proqramlarının və peşəkar inkişaf perspektivlərinin genişlənməsinə şərait yaradacaq.

– Konvensiyanın keçirilməsi Azərbaycanın iqtisadiyyatı, turizm sektoru və xarici investisiyaların cəlb olunması baxımından hansı imkanları yaradır?

Belə beynəlxalq tədbirlərin əhəmiyyəti idman sahəsi ilə məhdudlaşmır. Onlar eyni zamanda ölkənin iqtisadi və turizm potensialının dünyaya təqdim edilməsi üçün mühüm vasitədir. Konvensiyada iştirak edən yüzlərlə beynəlxalq nümayəndə, idman təşkilatlarının rəhbərləri, biznes dairələrinin təmsilçiləri və investorlar Azərbaycan haqqında daha yaxından məlumat əldə etmək imkanı qazanacaqlar.Bu tədbir turizm və xidmət sektorunda iqtisadi aktivliyin artmasına da təkan verəcək. Beynəlxalq qonaqların ölkəmizə səfəri həm birbaşa iqtisadi gəlirlər yaradacaq, həm də Azərbaycanın turizm imkanlarının tanıdılması baxımından əhəmiyyətli olacaq.
Digər tərəfdən, idman iqtisadiyyatı bu gün qlobal miqyasda böyük investisiya imkanlarına malik sahələrdən biridir. İdman infrastrukturu, texnologiyalar, idman avadanlıqlarının istehsalı, yarışların təşkili və idman turizmi xarici investorlar üçün perspektivli istiqamətlərdir. SportAccord çərçivəsində qurulacaq əlaqələr Azərbaycan iqtisadiyyatına yeni investisiyaların cəlb edilməsi baxımından əlavə imkanlar yaradacaq.

– Sizcə, SportAccord Konvensiyasının Bakıda keçirilməsi Azərbaycanın gələcək beynəlxalq idman tədbirlərində ev sahibi kimi mövqeyinə və yeni əməkdaşlıq imkanlarına necə təsir göstərə bilər?

Hesab edirəm ki, SportAccord Konvensiyasının Bakıda keçirilməsi Azərbaycanın gələcəkdə daha böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək potensialını gücləndirəcək. Çünki belə tədbirlər ölkənin təşkilatçılıq imkanlarının, təhlükəsizlik sisteminin, infrastrukturunun və beynəlxalq əməkdaşlıq qabiliyyətinin qiymətləndirilməsi baxımından mühüm platformadır.

Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində artıq formalaşmış təcrübəsi var. Bu təcrübəni davamlı beynəlxalq tərəfdaşlıqlara və uzunmüddətli əməkdaşlıq layihələrinə çevirmək yalnız müsbət nəticələr verə bilər. SportAccord çərçivəsində yaradılan əlaqələr gələcəkdə yeni yarışların, idman forumlarının və beynəlxalq layihələrin Bakıda keçirilməsinə zəmin yarada bilər.

Fəxriyyə Adil







Müsahibə