- Niderland E.D.
- 20:56 11.10.2026
Niderlandın “NEC Nijmegen” klubunda çıxış edən Duşan Tadiç sabiq komandası “Ayaks”a qarşı oyundan sonra son açıqlamaları ətrafında yaranan müzakirələrə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Niderland çempionatının VIII turunda “Ayaks” və “NEC Nijmegen” komandaları Amsterdamdakı “Yohan Kroyff Arena”da üz-üzə gəliblər. İlk hissədə vurulan qollarla yadda qalan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Tolu Arokodare, qonaqların heyətində isə penaltidən Tjarron Şeri fərqlənib.
Duşan Tadiç beş mövsüm formasını geyindiyi “Ayaks”a qarşı meydana çıxıb. Görüşdən əvvəl Amsterdam klubunun azarkeşləri təcrübəli futbolçuya xüsusi pankart hazırlayıblar. Pankartda “Bir vaxtlar kapitanımız idin, həmişə bizdən biri olacaqsan” sözləri yazılıb. “Ayaks”ın sosial şəbəkə hesabında isə “Evə xoş gəlmisən, Duşan” paylaşımı edilib.
Bununla belə, futbolçunun oyundan əvvəl verdiyi müsahibə müzakirələrə səbəb olub. Tadiç həmin açıqlamasında “NEC Nijmegen”də düzəldilməli çox şey olduğunu, lakin bunun mümkün olmadığını bildirib. O, klubuna hörmət etdiyini vurğulamaqla yanaşı, kuboklar qazanan komandalarda oynamağa alışdığını və “Ayaks”ın onun üçün standart müəyyənləşdirdiyini deyib.
Niderland mətbuatının məlumatına görə, bu sözlər “NEC Nijmegen” azarkeşlərinin narazılığına səbəb olub. Matç zamanı Tadiçin adı elan edilərkən səfər tribunalarından fit səsləri eşidilib.
Oyundan sonra "ESPN"ə danışan futbolçu açıqlamalarının təhrif edilməsindən narazılığını ifadə edib:
“Bütün karyeram boyunca müsahibələr vermişəm, lakin bir çox media orqanı mənfi məqam axtarır və sözlərimi təhrif edir. Mən heç vaxt “NEC” haqqında hörmətsiz danışmaram. Həyatımda belə bir şey etməmişəm. Amma “Ayaks”la “NEC” arasındakı fərqlə bağlı mənə on sual verilirsə, nə etməliyəm? Susub başımı tərpətməliyəm? Yaşlı ola bilərəm, amma nə dediyimi çox yaxşı bilirəm. Medianın tez-tez bu cür işləməsi böyük təəssüf doğurur. Niyə belə olmalıdır?”
Tadiç futbolçuların bu cür hallardan sonra müsahibələrdən yayınmağa başladığını da qeyd edib:
“Belə davam etsə, futbolçular getdikcə daha az müsahibə vermək istəyəcəklər. “Ayaks” tarixinə və oyunçularına görə Avropanın ən yaxşı 10 klubundan biridir. Onu “NEC”lə müqayisə etmək olmaz. “NEC”də yaxşı baş məşqçimiz və yaxşı strukturumuz var. Klub inkişaf edir. Amma məndən hansı klubun daha yaxşı futbolçulara sahib olduğunu soruşsanız, təbii ki, “Ayaks” deyərəm.
Bununla belə, müsahibələri kamera qarşısında verməyə üstünlük verirəm. Çünki bu zaman insanlar nə dediyimi özləri görə bilirlər. Nə dediyimi bilirəm”.