- Offside
- 17:18 23.11.2024
“Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim. Əlbəttə, qələbəni dərhal qohumlarla, sənə yaxın olan insanlarla qeyd etmək istəyirsən. Bu üzdən mundialdan sonra dərhal evimə yollandım”.
Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin güləşçisi Mariya Stadnik Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Bu il Minsk-2019 II Avropa Oyunlarının və Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının qalibi olan 31 yaşlı idmançı onu Tokio-2020 Yay Olimpiya Oyunlarına qədər ağır qrafikin gözlədiyini bildirib: “Bu payız ailəmlə yaxşı istirahət etmək imkanı əldə etdim. Bununla belə, məşqlərimi də davam etdirirdim. Ancaq bu, təlim-məşq toplanışı səviyyəsində hazırlıq deyildi. Psixoloji cəhətdən də istirahətə, bərpa prosesinə ehtiyac var idi. Çünki olimpiadaya qədər bizi növbəti ağır qrafik gözləyir. Dekabrda Bolqarıstanda dağlıq ərazidə təlim-məşq toplanışı keçdik. Bu da fiziki hazırlığın yüksəldilməsinə xidmət edirdi. Gələn il ilk yarışım fevralda keçiriləcək Avropa çempionatı olacaq. Ondan sonrakı plan və qatılacağım yarışlar hələ bəlli deyil. Allaha şükürlər olsun ki, artıq zədələr baxımından problemim yoxdur. Hər yarışdan sonra çıxışımı təhlil edir, səhvləri, çatışmazlıqları müəyyənləşdirir, nəyin üzərində işləməli olduğumuzu aydınlaşdırırıq. Açığı, Nur-Sultanda formamın zirvəsində deyildim. Fikrimcə, karyeram boyunca ideal səviyyəyə Rio Olimpiadasında çatmışdım. Həm fiziki, həm də psixoloji cəhətdən yüz faiz hazırlıqlı idim”.
Stadnik Tokio-2020 ilə bağlı düşüncələrini bölüşüb: “Tokio olimpiadasında Yaponiyanı Eri Tosaka və ya Yui Susakinin təmsil edəcəyi ilə bağlı hər hansı düşüncəm yoxdur. İstənilən güləşçiylə görüşə qələbə üçün çıxacağam. Rəqibin fərqi yoxdur. Sadəcə, qalib gəlmək istəyirəm, vəssalam. Olimpiadaya hələ 8 ay var. Kimsə zədələnə, hansısa səbəbdən formada ola və ya olmaya bilər. Bütün rəqibləri qiymətləndirmək lazımdır. Olimpiya Oyunlarına həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalısan. Təbii ki, idman xoşbəxtliyi də sənin tərəfində olmalıdır. Hazırda üzərimdə təzyiq hiss etmirəm. Tokio-2020 mənim üçün sonuncu yarış olmaya da bilər”.