- Offside
- 17:18 23.11.2024
Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.
Corner.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.
77 kq çəkidə mübarizə aparan idmançımız Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçini məğlub edib. O, təsnifat mərhələsində Aik Mnatsakanyana 5:3 hesabı ilə qalib gəlib. 1/8 finalda italiyalı Matteo Maffezzoliyə şans tanımayan (7:0) güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısı Georgios Prevolarakislə görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan 6:4 hesablı qələbə ilə yarımfinala yüksəlib. O, yarımfinalda erməni Karapet Çalyanla üz-üzə gələcək.
İslam Abbasov (87 kq) ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb - 3:2. O, 1/8 finalda polşalı Arkadiuş Kuliniyə 3:1 qalib gələrək 1/4 finala yüksəlib. Abbasov bu mərhələdə bolqarıstanlı Tarek Mohammed Abdelsaladan üstün olub - 4:3. O, yarımfinalda macarıstanlı Viktor Lorintslə qarşılaşacaq.
Digər güləşçimiz Sabah Şəriəti (130 kq ) startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. O, prinsipial qarşılaşmada David Ovasapyana 3:0 qalib gəlib. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub.
Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) Ermənistan idmançısı Rudik Mkrtaçyanı çətinlik çəkmədən məğlub edərək (7:1) adını yarımfinala yazdırıb. O, bu mərhələdə də erməni əsilli idmançı ilə qarşılaşacaq. Əzizli final uğrunda görüşdə Bolqarıstanı təmsil edən Edmond Armen Nazaryanla güləşəcək.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.