İsveçrənin Sankt-Morits şəhərində ənənəvi qış polosu üzrə Dünya Kubokuna start verilib.
Corner.az-ın məlumatına görə, 35-ci dəfə keçirilən və dünya miqyasında ən güclü idmançıların cəlb olunduğu turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir. Turnirin digər iştirakçıları “Cartier”, “Badrutt's Palace Hotel” və “Mazerati”dir.
Turnir öncəsi komandaların təqdimat mərasimi keçirilib və yarış iştirakçıları müəyyənləşib. Püşkatmanın nəticələrinə əsasən, bu gün “Land of Fire” komandası Bakı vaxtı ilə saat 15:00-da “Cartier”lə, “Badrutt's Palace Hotel” isə saat 19:15-də “Mazerati” ilə qarşılaşacaq.
Yanvarın 26-da "Land of Fire" “Badrutt's Palace Hotel”lə görüşəcək. Turnirin sonuncu günü – yanvarın 27-də 3-cü yer uğrunda oyun və final matçı keçiriləcək.
Final oyunundan sonra turnir qalibinin, ən yaxşı oyunçunun, ən yaxşı patronun (sponsorun), ən yaxşı polo atının müəyyən edilməsi və mükafatlandırılması, eyni zamanda polo idmanının təbliğində xüsusi xidmətləri olan şəxslərə 2018-ci ildə təsis olunmuş “Baku Moritz Polo Mükafatı”nın verilməsi nəzərdə tutulub.
Sankt Moritz gölünün donmuş buz qatı üzərində təşkil olunan turnirin oyunlarından əvvəl tamaşaçılara “Odlar Yurdu - Azərbaycan” adlı kompozisiya təqdim ediləcək. Azərbaycanın əməkdar məşqçisi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisinin Qarabağ atlarının belində unikal igidlik hərəkətləri, xoreoqraf, əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə "Sərhədçi” rəqs ansamblının milli musiqinin ecazkar sədaları altında möhtəşəm rəqsləri Qarabağ atlarının gözəlliyini, milli atçılıq ənənələrinin qədimliyini və polo oyununun Vətəni kimi artıq bütün dünyada qəbul edilən Odlar Yurdu – Azərbaycanın atçılıq mədəniyyətini nümayiş etdirəcək.
"Report"