- Offside
- 13:25 24.11.2024
"AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə Parisdə danışmışdıq. Bu dəfə Azərbaycan millisində işləməyə razılıq verdim, çünki yeni layihə axtarışında idim".
Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşanın "Sportowe Fakty" saytına müsahibəsində deyib.
Yığmadakı iş prinsipi barədə danışan italiyalı mütəxəssis futbolçularda qalib psixologiyası formalaşdırmaq istədiyini bildirib: "Hələlik bu məsələ istədiyim səviyyədə deyil. Amma hesab edirəm ki, gənc futbolçuları inkişaf etdirmək olar. Müqaviləmin müddəti Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin sonunadəkdir".
Azərbaycandakı müharibə şəraitinin millidəki işinə təsirindən söz açan 63 yaşlı baş məşqçi bunun müəyyən çətinliklər yaratdığını söyləyib: "Bu amil işimizəçox təsir etdi. Ölkə müharibə vəziyyətindədirsə, oyunçu üçün yalnız futbol haqqında düşünmək çətindir. Həmin vaxt onun fikri başqa yerdə də ola bilər. Xoşbəxtlikdən müharibə bitdi və ümid edirəm ki, tezliklə hər şey normallaşacaq".
Milli komandanın son 4 oyundakı qolsuz heç-heçə etdiyi oyunları da dəyərləndirən De Byazi kifayət qədər qol fürsəti yaxaladıqlarını vurğulayıb: "Qol epizodları ilə bağlı qıtlığımız olmadı. Təssüf ki, hamısı boşa çıxdı. Nə deyə bilərəm? Mənim komandamda Levandovski kimi hücumçu yoxdur".
Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünə toxunan mütəxəssis onunla heç vaxt qarşılaşmadığını bildirib: "Hamı onun uğurlarını yaxşı bilir. Amma mən Dieqonu ancaq bacarıqlarına görə deyil, həm də böyük ürəyinə görə qiymətləndirirəm. Kasıblara ümid bəxş etdiyi üçün onların kumiri idi, gündəlik çətin və stressli həyatlarını bir az asanlaşdırırdı. 60 yaşında dünyadan köçməsi çox tezdir. Təəssüf ki, hamımız Maradonanın özünün bu işdə az rol oynamadığını bilirik".
De Byazi Maradonanı dünya futbolunun 1 nömrəli ulduzu adlandırıb: "Ondan sonra kimlərin ikinci, üçüncü olduğunu soruşa bilərsiniz. O, rəqs edən futbolçu idi. O, topla oynamırdı, rəqs edirdi. Digərləri isə sadəcə oynayırlar".