24 noyabr 2024. Bazar günü

Addım-addım məqsədə nail olmalıyıq - Millimizin hücumçusu


  • Offside
  • 15:24 02.03.2021
  • Oxunma sayı: 169
Addım-addım məqsədə nail olmalıyıq - Millimizin hücumçusu

"Bakıya dünən gəlmişəm, uçuşla bağlı bir qədər yorğunluq var idi. Bu gün özümü daha yaxşı hiss edirəm. Hər şey qaydasındadır".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya federasiyanın rəsmi saytına müsahibəsində Moldova ilə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunu barədə danışarkən deyib.

Braziliya əsilli hücumçu əsas diqqətlərinin martın 3-də Bakı İdman Sarayında oynanılacaq görüşdə olduğunu bildirib: "Hamımız oyun haqda düşünürük. Moldova millisi də hazırda yaxşı formadadır. Bizi çətin qarşılaşma gözləyir. Matça hazırıq".

3-cü qrupda keçirdikləri ilk iki qarşılaşmada qalib gəldiklərini xatırladan Bolinya artıq oyun təcrübələrinin olduğunu söyləyib: "Düzdür, tam heyətlə məşq keçmək üçün vaxtımız çox az oldu. Ancaq ümumi vəziyyət xeyrimizədir. Uğurlu nəticə qazanacağımıza inanıram".

34 yaşlı forvard Yunanıstanla oyunda (3:0) qol epizodlarından tam olaraq yararlana bilməmələrinin səbəbini açıqlayıb: "Razıyam, son oyunda daha çox qol vurmalı idik. Epizodlarımız çox oldu. Sadəcə, istifadə edə bilmədik. Ola bilsin, uzun müddət idi bu cür oyunlar keçirmirdik, ondan qaynaqlansın. Amma meydana 3 xal qazanmaq üçün çıxırıq və arxada qalan 2 oyunda buna nail olduğumuza görə məmnunam. Lakin bu çatışmazlığı da yoluna qoymalıyıq".

Moldovanın oyunlarını izlədiklərini deyən Bolinya rəqibin heyətində fərqlənən futzalçıların olduğunu qeyd edib: "Onlara qarşı 3-4 matçda forma geyinmişəm və hər dəfə çətinliklə qələbə qazandığımızı vurğulamalıyam. Bu dəfə də görüş çətin keçəcək. Diqqətli olmalı, oyuna yaxşı köklənməli, vacib olan 3 xalı qazanmalıyıq. Doğma meydanda oynadığımıza görə, üstünlük tərəfimizdə olacaq. Favoritik, lakin bunu meydanda göstərməliyik".

Təcrübəli oyunçunun sözlərinə görə, Moldova ilə 2 oyunda qazanılacaq 6 xal millini qarşıya qoyduğu məqsədə çatdıra bilər: "6 xal çox suala aydınlıq gətirəcək. Amma biz addım-addım məqsədə nail olmalıyıq. Hələ Moldova ilə 2 gün sonra keçirəcəyimiz oyuna köklənək. Bu görüşdə qələbə qazandıqdan sonra ikinci oyun haqqında düşünməliyik. İndidən deyə bilmərik ki, 6 xal bizimdir".

Bolinya azarkeşsiz oynamağın çətin olduğunu bildirib: "Nəzərə alsaq ki, millinin oyunları zamanı zala xeyli azarkeş gəlirdi, bunun ağırlığını başa düşmək çətin deyil. Amma dünyada baş verən proseslərin nəticəsi olaraq bu qərar qəbul olunub. Ümid edirəm ki, final mərhələsinə qədər bu qadağalar aradan qaldırılar".







Offside