24 noyabr 2024. Bazar günü

Gücümüzü sözdə yox, meydanda deməliyik - Millimizin oyunçusu


  • Offside
  • 10:27 13.04.2021
  • Oxunma sayı: 672
Gücümüzü sözdə yox, meydanda deməliyik - Millimizin oyunçusu

"İki gündür ki, komanda ilə birgə məşq edirəm. Məşq zamanı zədə almışdım və çox çətin idi. İndi özümü yaxşı hiss edirəm. Topla çalışmaları yerinə yetirən zaman yüngül ağrılarım olur".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya Yunanıstana qarşı keçirəcəkləri Avropa çempionatının son seçmə oyunundan əvvəl federasiyanın rəsmi saytına müsahibəsində deyib.

O, sabahkı matçda meydana çıxa biləcəyini bildirib: "Özümü oyuna tam hazır sayıram. Yüngül ağrı meydana çıxmağıma mane ola bilməz. Həkimin köməyi ilə ağrıya da qalib gələcəyəm".

Bolinya rəqibin zəif olmadığını söyləyib: "Kimsə düşünə bilər ki, filan komanda zəifdir və ya asan məğlub ediləcək. Amma mənim üçün zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır. Yunanıstan Moldova ilə oyunda heç-heçə etməklə bunu sübuta yetirdi. Biz də gücümüzü sözdə yox, meydanda deməliyik".

Təcrübəli oyunçu qarşılaşmanın favoriti olduqlarını da vurğulayıb: "Rəqibə hörmətlə yanaşsaq da, bunu deməliyəm. Motivasiya bütün oyun üçün olur. Biz qələbə ilə başlamışıq, qrup mərhələsini də 3 xalla yekunlaşdırmalıyıq. Reytinq xallarımızı artırmalıyıq. Doğma meydan amilini özümüz üçün üstünlüyə çevirməliyik".

Bolinya Levitse şəhərində Slovakiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu televiziyadan izlədiyini bildirib: "Həmin vaxt Bakıda fizioterapiya və reabilitasiya kursu keçdiyimdən, görüşü izləmək imkanım oldu. Üzvü olduğun komandanın oyununu azarkeş kimi izləmək çox çətindir. Əlbəttə, istərdim orda olum, meydana çıxım, amma vəziyyətim buna imkan vermədi. Çətin görüş oldu. Oyunçular baş məşqçinin tapşırıqlarını yerinə yetirdilər. Heç-heçə yaxşı nəticə idi. Slovakiya heç də zəif komanda deyil. Həm də qazanılacaq 1 xal bizi qrup qalibi edəcəkdi ki, bunu da əldə etmək mümkün oldu. Uşaqlar çətin sınaqdan üzüağ çıxdılar".

Qeyd edək ki, aprelin 14-də keçiriləcək Azərbaycan - Yunanıstan maçtı saat 19:00-da başlayacaq.







Offside