- Offside
- 13:25 24.11.2024
"Hazırlığa başlayan zaman da bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək. Onlar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər".
Corner.az-ın məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Slovakiya ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Braziliyalı mütəxəssis həmin matça ciddi hazırlaşdıqlarılnı bildirib: "Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əleyhimizə işlədi. Təxminən 13 saat yolda olduq. Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız 1 xal qrup liderliyini təmin etməyimizə kifayət etdi".
Onun sözlərinə görə, son turun Yunanıstanla oyunu öncəsi də heyətdə problem var: "Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinya və Hadı Əhmədinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar verəcəyik. Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar".
Alesio komanda üzvzləri ilə söhbət etdiyini və onlara oyuna ciddi yanaşmaqlarını tapşırdığını söyləyib: "Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz. Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik".
Qeyd edək ki, aprelin 14-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Yunanıstan matçı saat 19:00-da başlayacaq.