24 noyabr 2024. Bazar günü

Elə bil top tora daxil olmaq istəmirdi


  • Offside
  • 11:54 15.04.2021
  • Oxunma sayı: 1238
Elə bil top tora daxil olmaq istəmirdi
Futzal üzrə Azərbaycan millisinin hücumçusu İsa Atayev federasiyanın rəsmi saytına musahibə verib.
 
Corner.az həmin müsahibəni təqdim edir:
 
- Başlayaq oyundan. Asan keçəcəyi gözlənilən görüşün əvvəli niyə bu qədər qəliz oldu?
- Həqiqətən də asan oyun olmadı. Xüsusilə də görüşün əvvəlini nəzərdə tuturdum. Sanki oyunumuz alınmırdı. Hesabı açdıqdan sonra bir qədər işlər qaydasına düşdü. Açığı, oyuna həvəslə çıxmışdıq. Ancaq nə qədər oyuna motivasiya olsan da, rəqibin adı, kimliyi bəzən məqsədinə çatmağına mane olur. Güclü komandalarla görüşə həm də rəqibin gücü səni motivasiya edir. Bu dəfə sanki alınmırdı. Elə bil top tora daxil olmaq istəmirdi.
 
- Amma vurdugun qol kifayət qədər maraqlı alındı. Bu qolu İsanın istedadının göstəricisi kimi də təqdim etmək olarmı?
- Sürətim hesabına rəqiblərimi keçdim. Həmin anda fikirləşdim ki, aldatmaqdan başqa yolum yoxdur. Çünki geriyə ötürmə edə bilməzdim, bağlamışdılar. Topu götürüb qaçmaq ən düzgün variant idi.
 
- Yunanıstana qarşı ən yaxşı oyunlarından birini oynadın demək olarmı?
- Bu oyunda diqqət mərkəzinə çox düşdüm. Topla bir qədər çox oynadım. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdiyimə görə meydanda çox qaldım. Bu da işimə yaradı, zərbələr vurmağa imkanım oldu.
 
- Qrup mərhələsi başa çatdı. Hansı oyun daha çətin, hansı qarşılaşma nisbətən yüngül keçdi?
- Moldova və Slovakiya ilə səfər oyunlarımızı qeyd edərdim. Hər iki matç çox çətin keçdi. Moldovadakı qarşılaşmanın nəticəsi final mərhələsinə vəsiqəni təmin etmək baxımından əhəmiyyətli idisə, Slovakiya ilə onların meydanındakı matç qrup liderliyini təmin etmək baxımından vacib idi. Slovakiya ilə oyuna itkilərlə çıxmışdıq və uzun müddət hesabda geri düşdük. Həm də baş məşqçi taktiki planda dəyişiklik etdi. Onları əks-hucumlarda yaxalamağa çalışdıq. Ona görə Slovakiya ilə dueli ən çətin qarşılaşma adlandırardım.
 
- Yeri gəlmişkən, qitə birinciliyinin seçmə mərhələsi ilk dəfə fərqli reqlament – ev-səfər prinsipi əsasında keçirildi. Necə dəyərləndirirsən yeni reqlamenti?
- Bu reqlament daha yaxşıdır. Belədə şansın daha çox olur. Məsələn, ötən il dünya çempionatının elit-raund oyunları zaman Xorvatiyada Slovakiya millisi ilə heç-heçə etmişdik. Cəmi bir oyun olduğuna görə, itkini bərpa etmək şansın yox idi. Bu dəfə var. Bəzən zəif komanda ilə ilk görüşdə oyunun alınmır. Həm də qrup mərhələsi cəmi 1 həftə ərzində deyil, 3 aya yekunlaşır. Bura azarkeş faktorunu da əlavə etsək, fərq ortadadır. Yəni hər bir millinin azarkeşi öz oyunçularını doğma meydanda izləmək, dəstəkləmək hüququ qazanır. Bir də tezlikə milli çempionatımızın keçirilməsini arzulayardım. Çox futzalçımız kənarda qalıb. İdman elədir ki, 10 gün məşq etmədinsə, xeyli geri düşürsən.
 
- 16 xal səni qane edirdmi?
- Qrupu məğlubiyyətsiz başa vurduq. Slovakiyaya itkilərlə yollanmasaydıq, maksimum xal toplayacaqdıq. Məcburiyyətdən rəqibə oynamaq imkanı yaratdıq.
 
- Qitə birinciliyində məqsəd nə olacaq?
- Əvvəlcə qrupdan çıxmalıyıq. Bundan sonra növbəti mərhələ haqda düşünmək olar. Bizim bu heyət millinin uğur qazanması üçün meydanda ürəyini qoyur. Bəzi yığmaların oyunlarında bunu görmürsən. Ona görə də millinin uğur qazanmasını hamımız ürəkdən istəyirik və buna nail olmaq üçün sona qədər mübarizə aparırıq.






Offside