24 noyabr 2024. Bazar günü

Qarşılaşmaq istəmədiyim komandalar var - Millimizin baş məşqçisi


  • Offside
  • 10:54 23.04.2021
  • Oxunma sayı: 146
Qarşılaşmaq istəmədiyim komandalar var - Millimizin baş məşqçisi

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva federasiyanın Mətbuat xidmətinin suallarını cavablandııb.

Corner.az həmin müsahibəni təqdim edir...

- Avropa çempionatının seçmə qrup oyunları haqqında nə deyə bilərsiniz?

- Rəsmi oyunlara az müddət qalmış çətin vəziyyətdə idik. Təsəvvür edin, komanda üzvləri 10 ay idi zalda məşq etmirdi, heç bir oyunda gücünü sınamırdı. Əlbəttə, bu məqam bizi narahat edirdi. Çöl şəraitində fiziki məşqlər keçsək də, toplu və taktiki çalışmalar üçün mütləq zala qayıtmalı idik. Slovakiya yığması ilə qarşılaşmaya 10 gün qalmış bizə bu icazə verildi. Başlanğıc çətin oldu, amma işimizin öhdəsindən gəldik. Qrup oyunları göstərdi ki, bu gün futzalda aşkar favorit yoxdur və komandalar demək olar, eyni səviyyədədirlər.

- Hansı oyun çox çətin keçdi? Nisbətən rahat şəkildə baş tutan görüş oldumu?

- Slovakiya millisi ilə hər iki oyunumuz çətin keçdi. Xüsusilə də səfər matçını qabardardım. Həmin görüşə ciddi itkilərlə yollandıq. Zədə səbəbindən bir neçə futzalçımız bizə kömək edə bilmədi. Slovaklar isə bu matçda həm qrupda ən azı ikinci yeri təmin etməyə, həm də meydan amilindən lazımınca istifadə etməyə çalışdılar. Ancaq futzalçılarım intizamlı şəkildə oynadılar, verilən tapşırıqları icra etməyə çalışdılar. Qazanılan heç-heçə sayəsində biz qrup liderliyini təmin etdik.

- Hansı oyunda komanda siz istədiyiniz kimi çıxış edə bildi?

- Bayaq qeyd etdiyim kimi, pandemiya ilə əlaqədar uzun müddət məşqsiz qalmağımız və oyun keçirməməyimiz rəsmi görüşlərin əvvəlində hiss olunurdu. Bu heç də asan deyildi. İdmançı bu qədər işindən kənarda qalırsa, onun qısa vaxtda geri dönüş etməsi, istənilən formaya düşməsi asan deyil. Son iki matçı (Slovakiya ilə səfərdə, Yunanıstanla Bakıda-red.) fərqləndirərdim. Bu da daha çox məşq etməyimizin və ardıcıl oyunlar keçirməyimizin bəhrəsi idi.

- Yeni formatdan razı qaldınızmı?

- Həqiqətən çox razı qaldım. Əvvəllər biz il ərzində cəmi 3 rəsmi oyun keçirirdik. Bir ölkəyə yığışır, 4-5 gün ərzində turnirə yekun vururduq. Bu dəfə həm oyunların sayı çoxalıdı, həm də yarış 4 ay davam etdi. Çoxlu məşqlər keçdik. Reqlament indi imkan verir ki, istənilən rəqiblə doğma meydanında da qarşılaşaq. Bu cür yüksək səviyyəli görüşlər keçirməklə inkişaf edirik.

- Artıq iştirakçı komandalardan 15-nin adı dəqiqləşib. Son vəsiqəni isə Belarus – Serbiya duelinin qalibi qazanacaq. Bu komandlar arasında sizin üçün sürpriz ad və ya adlar varmı?

- Hansısa komandaya görə təəccüblənmədim. Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, futzalda komandaların səviyyəsi bir-birinə çox yaxınlaşıb. Bu baxımdan qazanılan nəticələr normaldı. Bəlkə də ilk dəfə bu vəsiqəni qazanan Gürcüstanın uğuru çoxları üçün gözlənilməz oldu. Amma heyətlərinə baxsaq, nəticənin sürpriz olmadığını görərik. Son vəsiqənin sahibi Belarus - Serbiya duelində müəyyənləşəcək. Belarus millisi bu duelin qalibi olsa və final mərhələsinə vəsiqə qazansa, bu sürpriz olacaq.

- Final mərhələsində 16 komanda iştirak edəcək. Bu mərhələ barədə nə düşünürsüz?

- Komandaların sayının artması avtomatik olaraq qarşılaşmaların sayını da artırır. Bu yaxşı haldır. Artıq 15 iştirakçının adını bilirik. Maraqlı oyunlar olacaq. Gözləyək, görək hansı komandalarla bir qrupda yer alacağıq.

- Final mərhələsində qrupunuzda hansı komandaların yer almasını istərdiniz?

- Mənim hansısa komandanın adını çəkməyim düzgün olmazdı. Bütün rəqiblər güclüdür və hər biri növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq. Ona görə də gözləyək, püşk özü bu sualın cavabını verəcək. Qismətimizə hansı komandalar çıxsa, hamısı ilə mübarizə aparacağıq. Əlbəttə, arzulamadığım komandalar var, amma yenə deyirəm, ad çəkmək istəmirəm.

- Həlledici mərhələyə səkkiz aydan artıq vaxt var. Bu dövrü necə dəyərləndirəcəksiniz?

- Əlbəttə, FİFA-nın oyunlar üçün açıqladığı pəncərələrdən maksimum istifadə etməliyik. Avropa çempionatından əvvəl ən az 4 yoldaşlıq oyunu keçirməli, sparrinqlərimizin güclü komandalar olmasına çalışmalıyıq. Planımızı hazırlayacağıq. Ancaq indi elə vaxtdır ki, pandemiya ilə əlaqədar 1-2 aydan sonra vəziyyətin hansı istiqamətdə dəyişəcəyini bilmirsən.







Offside