24 noyabr 2024. Bazar günü

Eldar Mansurov: Mən istəsəm də, istəməsəm də, Qarabağ komandadır


  • Offside
  • 16:51 07.05.2021
  • Oxunma sayı: 320
Eldar Mansurov: Mən istəsəm də, istəməsəm də, Qarabağ komandadır

Bəstəkar Eldar Mansurov “Qarabağ” komandası haqda dediyi və sosial şəbəkədə müzakirələrə səbəb olan fikirlərə aydınlıq gətirib.

Corner.az xəbər verir ki, 69 yaşlı bəstəkar, fikirlərinin düzgün başa düşülmədiyini bildirib:

“Məni azdan-çoxdan tanıyırsınızsa, bilirsiniz ki, danışıq tərzimdə şüvənlik yoxdur. Məni düzgün başa düşün, neçə illərdir “Neftçi” azarkeşiyəm, amma “Qarabağ”la heç bir düşmənçiliyin yoxdur. Dəfələrlə verilişlərdə “Qarabağ” azarkeşlərinin arasında olmuşam. Nə mən onları təhqir etmişəm, nə də onlar məni. Bəli, mən “Neftçi”ni flaqman hesab edirəm. Hər ölkənin bir flaqmanı olur. Mən bunu deməklə “Qarabağ”ı təhqir etmirəm ki. Mənim dediklərimi düzgün yazmayıblar. Mən heç camiə sözünün nə olduğunu bilmirəm. O Eldar Mansurovam ki, 1990-cı illərdən indiyədək nə qədər Qarabağ, məcburi köçkünlər haqda mahnılar yazmışam. İndi nə oldu, məni ayaq altına atırsınız? Erməni axtarırsınız? Hər şeyi siyasiləşdirirlər. Mən siyasət adamı deyiləm, yaradıcı adamam. Uşaqlıqdan bir fikrim olub, “Neftçi”ni dəstəkləmişəm”.

Eldar Mansurovun “Qarabağ” komanda deyil” ifadəsi daha çox narazılığa səbəb olub. O isə əslində bu cür demək istəmədiyini qeyd edib:

“Necə yəni komanda deyil? Mən istəsəm də, istəməsəm də, “Qarabağ” komandadır. Sadəcə demişəm ki, “Qarabağ” Azərbaycanın yığma komandasıdır. Yəni heyətində oynayanların çoxu millimizin futbolçularıdır. “Qarabağ” Azərbaycanın ən güclü futbolçularını özündə toplamış bir komandadır. “Qarabağ” da, “Neftçi” də ölkəmizi Avropada layiqincə təmsil edib. “Neftçi” ilk dəfə Avroliqanın qrupunda oynayıb. Bunu deməməliyəm mən? “Qarabağ”da oynayan yerli futbolçu var – Mahir Emreli, onun oyununu çox bəyənirəm. Ümumiyyətlə, “Qarabağ”ın heyətində yerli oyunçu çoxdur. Bu da yaxşı haldır. Mən legionerlərin əleyhinəyəm. İstəyirəm öz uşaqlarımız oynasın.”

Mansurov “Qarabağ” və “Neftçi”nin çempionluq mübarizəsində şanslarını necə görürsünüz” sualını isə belə cavablandırıb:

“Mən bundan sonra futbol haqda danışmaqdan qurtardım. Bu kitabı bağlayıram. Heç kim məndən heç nə soruşmasın. Top yumrudur, hansı daha bərk vursa, dəqiq vursa uğur qazanacaq. Bir azarkeş kimi dediyim sözə görə məni ölkədə siyasi düşmənə çevirirlər. Ona görə də daha bu işlərə qarışmayacağam. Ona görə yox ki, qorxuram. Ona görə ki, əsəblərimin sakit olmasını istəyirəm”. (Qol.az)

Eldar Mansurovun “Futbol+” qəzetində yayımlanan müsahibəsində bu ifadə olub: “Açığı, mən “Qarabağ”ı komanda saymıram. “Neftçi”ni “sındırdılar” və Ağdam klubu bu fürsətdən istifadə etdi. “Qarabağ”ı adına görə irəli çəkdilər. Bəlkə elə deyil? “Qarabağ” nə vaxtdan böyük camiə olub? “Neftçi” başqa aləmdir”.







Offside