Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir.
Corner.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxıb.
Əliabbas Rzazadə ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. 1/4 finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Əliabbas 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya güləşçisini darmadağın edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisinə uduzan Rzazadə gümüş medalla kifayətlənib.
Zirəddin Bayramov ilk görüşdə rusiyalı idmançıya uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də təsəlliverici görüşə çıxıb. Moldova təmsilçisinə tam üstünlüklə qalib gələn Bayramov axşam seansında 3-cü yer üçün güləşib. Zirəddin Belarusdan olan rəqibinə də heç bir şans tanımayıb və bürünc medala sahib olub.
Cəbrayıl Hacıyev Avropa çempionatına Gürcüstan pəhləvanı üzərindəki qələbəylə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan Hacıyev adını yarımfinala yazdırıb. Rusiya güləşçisiylə görüş olduqca gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesabla qalib gələn Cəbrayıl finala adlayıb. Həlledici görüşdə Moldova güləşçisiylə çətin keçən mübarizədən qalib ayrılan Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb və Skopyedə himnimiz səslənib.
İslam İlyasov debütdə Rusiya güləşçisinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də bürünc medal qazanmaq şansı əldə edib. Polşadan olan rəqib təsəlliverici görüşə çıxmadığı üçün İlyasov birbaşa 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Son görüşdə Gürcüstan güləşçisini böyük hesabla məğlubiyyətə uğradan İslam ölkəmizə 2-ci bürünc medalı qazandırıb.
57 kq
1/8 final: Əliabbas Rzazadə - Beşir Alili (Şimali Makedoniya) +:-
1/4 final: Əliabbas Rzazadə - Hafiz Can Hasdemir (Türkiyə) 12:2
1/2 final: Əliabbas Rzazadə - Simyone Piroddu (İtaliya) 14:1
Final: Əliabbas Rzazadə - Axmed İdrisov (Rusiya) 0:6
65 kq
1/8 final: Zirəddin Bayramov – Abdulməcid Kudiyev (Rusiya) 3:5
Təsəlliverici görüş: Zirəddin Bayramov - Sergiu Lupasko (Moldova) 10:0
Bürünc medal görüşü: Zirəddin Bayramov - Vladislav Koyka (Belarus) 10:0
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Elbakidze (Gürcüstan) 4:2
1/4 final: Cəbrayıl Hacıyev - Tobias Portman (İsveçrə) 9:2
1/2 final: Cəbrayıl Hacıyev - İnalbek Şeriyev (Rusiya) 7:6
FİNAL: Cəbrayıl Hacıyev - Nikolay Qrahmez (Moldova) *5:5
97 kq
1/8 final: İslam İlyasov – Aslanbek Sotiyev (Rusiya) 1:3
Təsəlliverici görüş: İslam İlyasov - Mixal Bielavski (Polşa) +:-
Bürünc medal görüşü: İslam İlyasov - Luka Xutçua (Gürcüstan) 11:0